“17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” ilə əlaqədar Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Şirinxanım Səmədova və tibb işçiləri Heydər Əliyev adına parkda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Daha sonra tədbir “Salyan Rayon Mərkəzi Xəstəxanası”nın iclas zalında davam edib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Şirinxanım Səmədova və digər çıxış edənlər tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara bu müqəddəs peşədə yeni nailiyyətlər və əzmkarlıq arzulayıblar.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan səhiyyəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə insan sağlamlığını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edib. Onun rəhbərliyi dövründə ölkəmizdə səhiyyə infrastrukturunun inkişafı, yeni tibb müəssisələrinin yaradılması, həkim kadrlarının hazırlanması və əhalinin sağlamlığının qorunması istiqamətində mühüm addımlar atılıb.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Onun rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində yeni, müasir standartlara cavab verən xəstəxanalar, diaqnostika və müalicə mərkəzləri tikilib, səhiyyə sistemi daha da modernləşdirilib.
Tədbirdə Salyan səhiyyəsinin tarixindən söz açılıb, sonda bir qrup səhiyyə işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub.







