Azərbaycanda alkoqolizmdən əziyyət çəkən və rəsmi qeydiyyatda olan şəxslərin son sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məlumatına görə hazırda ölkədə bu diaqnozla 9 635 nəfər qeydiyyatdadır.
Demokrat.az xəbər verir ki, rəsmi qurum 2024-2025-ci illəri əhatə edən dispanser göstəricilərini təqdim edib. Statisikaya əsasən ötən il alkoqolizm diaqnozu ilə ilk dəfə qeydiyyata alınanların sayı azalıb.
Məlumata görə 2024-cü ildə alkoqolizm diaqnozu ilə 590 nəfər dispanser qeydiyyatına götürülüb. Həmin il 607 nəfər isə qeydiyyatdan çıxarılıb. İl ərzində alkoqolizm üzrə dispanser qeydiyyatında olan şəxslərin ümumi sayı 9 578 nəfər təşkil edib.
Hesabatlara əsasən 2025-ci ildə alkoqolizm diaqnozu ilə 436 nəfər qeydiyyata götürülüb. Ötən il 379 nəfər qeydiyyatdan çıxarılıb. Hesabat dövrünün sonuna alkoqolizm üzrə qeydiyyatda olan şəxslərin ümumi sayı 9 635 nəfər olub.
Statistikada qadınların da sayı yer alıb. Qeydiyyata yeni götürülən şəxslər arasında 10 qadın olub. Ümumilikdə isə alkoqolizm diaqnozu ilə dispanser qeydiyyatında olan qadınların sayısı 146 nəfər təşkil edir. Mərkəzin mütəxəssisləri bildirir ki, dispanser qeydiyyatında olan şəxslərin ümumi sayı uzun illər ərzində formalaşan kontingenti əks etdirir. 2025-ci ildə alkoqolizm diaqnozu ilə ilk dəfə qeydiyyata götürülən şəxslərin sayısı 2024-cü illə müqayisədə azalıb. Bu da yeni aşkarlanan hallarda artım müşahidə olunmadığını göstərir. (yeni sabah)
Demokrat.az


