Miras insanın vəfatından sonra yaxınları arasında ən çox mübahisə doğuran hüquqi məsələlərdən biridir. Bir çoxları hesab edir ki, qanun üzrə varis olan şəxs istənilən halda mirasdan pay alacaq. Lakin bəzi hallarda qanun müəyyən şəxslərin miras hüququndan məhrum edilməsinə imkan verir. Bəs hansı davranışlar və ya hərəkətlər şəxsin mirasdan məhrum edilməsinə səbəb ola bilər? Mirasdan məhrum etməyin hüquqi əsasları hansılardır?
Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, mirasdan məhrum etmə vəsiyyət edənin öz qanuni varislərini gələcək mirasından kənarlaşdırmasıdır:
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1195-ci maddəsinə əsasən vəsiyyət edən şəxs öz vəsiyyətnaməsində qanuni vərəsələrdən birini bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyil. Bu vəsiyyətnamədə konkret şəxsin adını çəkməklə birbaşa və ya bütün əmlakı başqa şəxslərə vəsiyyət etməklə dolayı yolla baş verir.
Lakin Mülki Məcəllənin 1193-cü maddəsinə görə miras qoyanın uşaqlarının valideynlərinin və arvadının ərinin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq məcburi pay hüququ var. Bu pay qanun üzrə onlara çatası payın yarısını təşkil edir.
Vəkil deyib ki, həmin yaxın qohumları mirasdan tam məhrum etməyin yeganə yolu onları ləyaqətsiz vərəsə elan etməkdir:
"Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən mane olmuş onun və ya digər vərəsələrin həyatına qəsd etmiş şəxslər ləyaqətsiz vərəsə sayılırlar Belə şəxslər məhkəmə qərarı ilə həm qanun həm də vəsiyyət üzrə vərəsəlikdən o cümlədən məcburi paydan məhrum edilirlər", - deyə o qeyd edib.
Əfsanə Kamal Demokrat.az


