Şuşa şəhərində keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində sabiq millət vəkili Çingiz Qənizadə BTV-yə müsahibə verib.
BTV xəbər verir ki, Çingiz Qənizadə 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı dövrdə ölkədə dərin siyasi böhran və vətəndaş qarşıdurması hökm sürürdü. Məhz onun qətiyyətli rəhbərliyi nəticəsində ölkədə sabitlik bərpa olunub, dövlətçiliyin möhkəmləndirilməsi və gələcək inkişafın təməli qoyulub.
Sabiq Deputat qeyd edib ki, bu gün Şuşada keçirilən tədbirlərdə iştirak etmək, əldə olunan qələbələri və uğurları qeyd etmək imkanının əsası həmin dövrdə qoyulan siyasətin nəticəsidir. Onun sözlərinə görə, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çingiz Qənizadə bildirib ki, 15 İyun təkcə Milli Qurtuluş Günü deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasına, işğal altında olan torpaqların azadlığına, ölkədə sabitliyin, əmin-amanlığın və iqtisadi inkişafın təmin olunmasına aparan yolun başlanğıcıdır.
Sabiq Millət vəkili çıxışında 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətinə də toxunub. O vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında imzalanan bu tarixi sənəd iki qardaş ölkə arasında strateji tərəfdaşlığı və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da gücləndirib.
Sonda Çingiz Qənizadə Azərbaycan xalqını Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə təbrik edərək, ölkəmizə davamlı inkişaf, sülh və firavanlıq arzulayıb.
Demokrat.az


