Maraqlı Özəl

Mətbəx piltələri keçmişdə qalır: Divarlar üçün daha ucuz və sadə həll

Mətbəx piltələri keçmişdə qalır: Divarlar üçün daha ucuz və sadə həll

Mətbəx tezgahının üzərindəki ənənəvi plitələr getdikcə daha müasir alternativ materiallarla əvəz olunur. İnsanlar həm divarları qoruyan, həm də daha müasir vizual effekt yaradan həll yollarına üstünlük verməyə başlayıblar.

Demokrat.az xəbər verir ki, bu barədə "Dobrze mieszkaj" nəşri yazır.

Nəşrin məlumatına görə, ən populyar variantlardan biri plastik panellərdir. Onların əsas üstünlüyü quraşdırılmasının sadə olması, həmçinin suvaq, fuga və ya mürəkkəb tamamlayıcı işlər tələb etməməsidir.

Məqalədə qeyd olunur:

“Lazım olan yeganə şey düzgün hazırlanmış səth və montaj yapışqanıdır. Bununla mətbəxinizin görünüşünü cəmi bir gün ərzində tamamilə dəyişə bilərsiniz"

Plastik panellərin digər mühüm üstünlüyü dizayn müxtəlifliyidir. Müəlliflər bildirirlər ki, ağac, daş, beton və ya klassik keramik plitəni imitasiya edən modelləri asanlıqla tapmaq mümkündür.

Bununla belə, materialın mənfi cəhətləri də var. Nəşr vurğulayır ki, plastik keramika ilə müqayisədə daha diqqətli qulluq tələb edir. Güclü təmizləyici vasitələr və sərt süngərlər səthdə cızıqlar yarada bilər və bu izlər zaman keçdikcə daha nəzərəçarpan olur.

Bərkidilmiş şüşə

Plitəyə digər alternativ isə bərkidilmiş şüşədən hazırlanan qoruyucu panellərdir. Məqalədə qeyd edilir ki, bu seçim minimalist interyer sevənlər üçün cəlbedici həll hesab olunur.

Müəlliflər bildirirlər:

“Bütün divarı eyni materialla örtmək əvəzinə, yalnız ən həssas hissələri, məsələn, bişirmə səthinin və ya mətbəx çanağının arxasını qorumaq mümkündür".

Onların sözlərinə görə, şüşə yüksək temperatur, rütubət və gündəlik aşınmaya qarşı olduqca davamlıdır. Şəffaf səth həm boya, həm də dekorativ divar kağızları ilə uyğunlaşır ki, bu da ənənəvi plitələrlə müqayisədə daha geniş dizayn imkanları yaradır.

Boyalar

Nəşr daha bir müasir tendensiyadan da bəhs edir – çirklənməyə meyilli məkanlar üçün nəzərdə tutulan xüsusi boyalardan istifadə.

Məqalədə deyilir:

“Son dövrlərdə lövhə effekti yaradan boya populyarlıq qazanır. Bu boya divarda qeydlər, alış-veriş siyahıları və ya ailə üzvlərinə mesajlar yazmağa imkan verir. Bu həll funksionallığı və fərqli aksessuarları qiymətləndirənlər arasında xüsusilə məşhurdur".

Bundan əlavə, yuyula bilən boyalar da geniş istifadə olunur. Məqaləyə əsasən, onlar gündəlik ləkələrə davamlı möhkəm örtük yaradır və divar düzgün hazırlanarsa, uzun illər estetik görünüşünü qoruyub saxlaya bilir. Həmçinin bu boyalar hamar səthlərdən tutmuş daha ifadəli teksturalara qədər müxtəlif vizual effektlər əldə etməyə imkan verir.

Lakin ekspertlər qeyd edirlər ki, hətta ən keyfiyyətli boya belə su və yağın təsirinə daha çox məruz qalan sahələrdə əlavə qoruma tələb edə bilər. Buna görə də son vaxtlar bir neçə həllin birlikdə tətbiqi daha geniş yayılıb. Məsələn, boyanmış divarın müəyyən hissələrinin bərkidilmiş şüşə ilə qorunması kimi.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova