Qədim dövrlərdə gün dönümü və bərabərgecəliklər dünyanın demək olar ki, bütün xalqları üçün mühüm bayramlar hesab olunurdu. Gün işığının uzunluğu müxtəlif din və mədəniyyətlərə mənsub insanların hamısının müşahidə edə bildiyi təbii hadisə idi.
Demokrat.az xəbər verir ki, əsasən torpaqla məşğul olan qədim insanlar üçün yay gün dönümünün nə vaxt baş verdiyini bilmək təsərrüfat işlərini planlaşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Müasir dövrdə bu astronomik hadisələrin praktik əhəmiyyəti azalsa da, onlarla bağlı adətlər və qadağalar qorunub saxlanılıb. Xalq inanclarına görə, müəyyən mərasimlər vasitəsilə evə uğur və bərəkət cəlb etmək və ya əksinə, xoşagəlməz hadisələri dəvət etmək mümkündür.
Yay gün dönümü nədir və nə vaxt baş verir?
Yay gün dönümü Şimal yarımkürəsində Günəşin üfüq üzərində ən yüksək nöqtəyə qalxdığı, Cənub yarımkürəsində isə ən aşağı nöqtədə olduğu an adlanır. Nəticədə ekvatordan şimalda ilin ən uzun günü, cənubda isə ən qısa günü yaşanır. Qış gün dönümündə isə vəziyyət əksinə olur.
Bu hadisənin tarixi dəyişə bilsə də, adətən 19–22 iyun tarixləri arasına təsadüf edir. 2026-cı ildə yay gün dönümünün Bakı vaxtı ilə saat 12:24-də baş verəcəyi gözlənilir. Həmin gün paytaxtda gündüz 16 saat 27 dəqiqə, gecə isə cəmi 7 saat 33 dəqiqə davam edəcək. Dünyanın bütün ölkələrində bu fərq eyni olmur: ekvatora yaxın ərazilərdə gündüz və gecənin uzunluğu arasındakı fərq daha az hiss edilir.
Yay gün dönümündə nə etmək tövsiyə olunur?
Müasir insanlar üçün yay gün dönümü sadəcə uzun və işıqlı gündən həzz almaq üçün bir fürsət sayıla bilər. Lakin əcdadlarımız bu tarixi mistik və xüsusi gün hesab edirdilər. Bir çox ayinlər təbiət qüvvələrindən – su və oddan istifadə edilməklə həyata keçirilirdi. Bu qədim ənənələrin izləri bu gün də İvan Kupala bayramında yaşamaqdadır.
Arzu mərasimi
Xalq inanclarına görə, bu gün arzular üçün edilən mərasim xüsusilə güclü hesab olunur. Bunun üçün gələcək barədə qısa arzularınızı ayrı-ayrı kağızlara yazın. Sonra onları yandırın və külünü küləyin istiqamətinə səpin. İnanclara görə, dilənən arzuların ən azı biri mütləq gerçəkləşir.
Sağlamlıq mərasimi
Sağlamlıq və güc qazanmaq üçün günəş doğmamış oyanmaq və üzü günəşə tərəf olmaqla sübhü qarşılamaq tövsiyə edilir. Günəş tam doğduqdan sonra isə çiy suyu və ya bulaq suyu ilə üz yumaq məsləhət görülür. Qədim inanclara görə, həmin gün Günəşin işığı və su xüsusi təmizləyici qüvvəyə malik olur.
Xoşbəxtlik talismanı
Uğur və xoşbəxtlik gətirdiyinə inanılan talisman hazırlamaq üçün gün dönümündə çöl otlarından çələng hörmək lazımdır. Daha sonra onu quyu suyu ilə isladıb yataq otağında və ya qonaq otağında asmaq tövsiyə olunur. Xalq inanclarına görə, belə bir çələng evə rifah və bərəkət gətirir.
Yay gün dönümündə nələri etmək olmaz?
Qədim inanclarda ilin ən uzun günündə mübahisə və dedi-qoduların xüsusilə təhlükəli olduğu vurğulanırdı. Hesab edilirdi ki, bu gündə baş verən münaqişələr sonradan çətinliklə həll olunur və barışıq əldə etmək mümkünsüzləşir.
Bundan əlavə, tünd rəngli və cırıq geyimlərin geyinilməsi də arzuolunmaz sayılırdı. Əksinə, günəş rənglərini xatırladan parlaq və açıq rəngli geyimlərə üstünlük vermək tövsiyə edilirdi.
Qeyd: Bu məqalədə təsvir olunan mərasimlər və inanclar xalq ənənələrinə əsaslanır və elmi cəhətdən təsdiqlənməyib. Material məlumatlandırıcı və mədəni-etnoqrafik xarakter daşıyır.
Jalə Demokrat.az


