Dünya iqtisadiyyatı son illərdə ardıcıl böhranlar və qeyri-müəyyənliklərlə üz-üzədir. Geosiyasi gərginliklər, enerji bazarındakı dəyişikliklər və texnoloji transformasiyalar iqtisadi sabitliyə təsir edir. Növbəti beş ildə qlobal iqtisadiyyat üçün əsas risklərin müəyyən edilməsi ölkələr üçün strateji əhəmiyyət daşıyır. Bu risklər həm də yerli iqtisadiyyatlara birbaşa təsir göstərir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, növbəti beş il bu risklərin azalması ilə deyil, daha da dərinləşməsi ilə xarakterizə olunacaq:
“Bu mərhələdə də ən ciddi problem qlobal iqtisadiyyatın artıq vahid və sabit sistem kimi fəaliyyət göstərməməsidir. Əksinə, dünya iqtisadiyyatı getdikcə siyasi bloklara bölünmüş, parçalanmış və yüksək qeyri-müəyyənliklə xarakterizə olunan mühitə çevrilir. Bu proses beynəlxalq ticarət axınlarını zəiflədir, investisiya qərarlarını ləngidir və ölkələrin orta və uzunmüddətli iqtisadi planlamasını daha riskli edir. Həm də enerji keçidi prosesi də koordinasiyalı şəkildə aparılmadığı üçün bazarlarda əlavə volatillik yaradır və xüsusilə enerji ixrac edən ölkələr üçün büdcə sabitliyini çətinləşdirir. Əsas mühüm risklərdən biri də qlobal borclanmanın rekord səviyyələrə çatmasıdır. Yüksək faiz mühiti ilə birlikdə bu vəziyyət bir çox ölkələrdə maliyyə dayanıqlılığını zəiflədir, borcun xidmət xərclərini artırır və potensial maliyyə böhranları riskini yüksəldir. İnflyasiyanın idarə olunması üçün həyata keçirilən sərt monetar siyasətlər isə iqtisadi artımı məhdudlaşdırır, kredit resurslarını azaldır və investisiya fəallığını aşağı salır. Bu isə bir çox iqtisadiyyatların “aşağı artım, yüksək risk” balansında qalmasına səbəb olur”.
O deyib ki, texnoloji dəyişikliklər, xüsusilə də süni intellekt və avtomatlaşdırma və iqtisadi strukturu sürətlə dəyişdirir:
“Bir tərəfdən məhsuldarlıq artımı müşahidə olunsa da, digər tərəfdən əmək bazarında ciddi struktur dəyişikliklər baş verir. Orta ixtisaslı iş yerlərinin azalması və gəlir bölgüsündə qeyri-bərabərliyin artması sosial və iqtisadi adaptasiya risklərini daha da gücləndirir. Bu qlobal mənzərənin fonunda Azərbaycan iqtisadiyyatı da ciddi struktur çağırışlarla üz-üzədir. Deyərdim ki, ölkənin mövcud iqtisadi modeli uzun illərdir əsas etibarilə neft-qaz sektoruna əsaslanır və bu asılılıq hələ də sistem xarakteri daşıyır. Nəticədə iqtisadiyyatın qeyri-neft sektoru kifayət qədər genişlənməyib, real sektorun diversifikasiya səviyyəsi aşağıdır və əlavə dəyər yaradan istehsal zəncirləri zəif inkişaf edib.
Artım göstəriciləri müəyyən dövrlərdə müsbət olsa da, bu artımın dayanıqlılığı və iqtisadi sistemə təsiri ilə bağlı suallar qalmaqdadır. İqtisadiyyatın əsas hissəsinin xammal ixracına bağlı qalması onu xarici qiymət şoklarına qarşı daha həssas edir. Eyni zamanda idxaldan yüksək asılılıq da mühüm struktur problem, xroniki xəstəlik olaraq qalır. Yerli istehsal bazasının məhdudluğu ölkəni daha çox istehlak yönümlü iqtisadi modeldə saxlayır və valyuta axınları üzərində əlavə təzyiq yaradır.
Sənaye istehsalının və kənd təsərrüfatının potensialına baxmayaraq, bu sahələrin iqtisadi nəticəyə çevrilmə sürəti hələ də aşağıdır. İnnovasiya və texnoloji inkişaf sahəsində müəyyən irəliləyişlər müşahidə olunsa da, bu sahələrin iqtisadi transformasiyaya təsiri kifayət qədər güclü deyil. Elm, texnologiya və biznes arasında inteqrasiyanın zəif olması əlavə dəyər iqtisadiyyatına keçidi ləngidir. Cənubi Qafqaz regionu kontekstində də bu struktur problemlər daha aydın görünür. İqtisadi artım göstəriciləri ilə yanaşı, inkişafın keyfiyyəti, məhsuldarlıq səviyyəsi və diversifikasiya dərəcəsi əsas müzakirə mövzularından biridir.
Xüsusilə qeyri-neft sektorunun dayanıqlı və rəqabətqabiliyyətli inkişafı hələ də tam təmin olunmayıb. Qlobal risklərin artdığı indiki mərhələdə əsas çağırış Azərbaycan üçün iqtisadi modelin mahiyyətcə yenidən qurulmasıdır. Bu, yalnız iqtisadi artımın davam etdirilməsi deyil, həm də iqtisadi strukturun dəyişdirilməsi deməkdir. Prioritet istiqamətlərə qeyri-neft sektorunun genişləndirilməsi, sənaye istehsalının gücləndirilməsi, ixracın diversifikasiyası, innovasiya ekosisteminin formalaşdırılması və insan kapitalına sistemli investisiyalar daxildir”.
Leyla Turan Demokrat.az


