Məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində aktrisa və prodüser Yağmur Ünalın saç nümunəsində narkotik maddə aşkar edildiyi və test nəticəsinin müsbət çıxdığı iddiaları gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı ilk açıqlama verən Ünal iddiaları qəti şəkildə təkzib edib.
Bakırköy Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir sıra tanınmış şəxslərin qan, sidik və saç nümunələrinin ekspertizaya göndərildiyi bildirilir. Mətbuata sızan məlumatlara görə, aralarında müğənni Mabel Matiz (Fatih Karaca), Yağmur Ünal və iş adamı Volkan Bahçekapılının da olduğu 10 nəfərin test nəticələrinin müsbət çıxdığı iddia olunur.
Yayılan xəbərlərdən sonra vəkili vasitəsilə yazılı açıqlama yayan Yağmur Ünal, rəsmi nəticələrin hələ özlərinə təqdim edilmədiyini bildirib. O, haqqında yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayaraq, məsələdə yanlışlıq olduğunu düşündüyünü və həqiqətin qısa zamanda üzə çıxacağına inandığını qeyd edib.
Ünal həmçinin bildirib ki, lazım gələrsə, müstəqil laboratoriyalarda əlavə testlər etdirəcək və həmin nəticələri ictimaiyyətlə açıq şəkildə paylaşacaq.
Hazırda istintaq davam edir və məsələ ilə bağlı rəsmi qurumların yekun açıqlamaları gözlənilir.
Leyla Demokrat.az


