Duş qəbul etdikdən sonra codlaşmış və sərtləşmiş dəsmallarla qarşılaşmaq bir çox insanın ortaq problemidir. Zamanla sərt su, əhəng, bədən yağları və yanlış yuma üsulları pambıq toxumaları zımpara kimi nahamar hala gətirir. Lakin dəsmalların ilk günkü yumşaqlığını bərpa etmək mətbəxdə olan sadə məhsulla tamamilə mümkündür.
Demokrat.az xəbər verir ki, təmizlik ekspertləri dəsmalların köhnəlmədiyini, sadəcə yanlış qulluq səbəbindən codlaşdığını bildirirlər. Bu problemi həll etməyin ən effektiv yolu qida sodasından istifadə etməkdir. Parçaların sərtləşməsinin əsas səbəbi liflərin arasına dolan və yaxşı yaxalanmayan yuyucu toz və yumşaldıcı qalıqlarıdır. Çox təmiz olsun deyə maşına bol kimyəvi vasitə tökmək dərini cızan sərt tekstura yaradır. Qida sodası isə həmin sabun və əhəng qalıqlarını molekulyar səviyyədə parçalayaraq toxumaları boşaldır və qabardır.
Ev şəraitində otel keyfiyyətində yumşaqlıq əldə etmək üçün dəsmalları maşına yerləşdirdikdən sonra barabanın içinə birbaşa yarım stəkan qida sodası əlavə edilməlidir. Bu zaman adi yuyucu tozun miqdarı yarıbayarı azaldılır və maşın 40 dərəcə temperaturda işə salınır. Yüksək temperatur liflərin quruluşunu pozub matlaşdırdığı halda, mülayim su həm kirləri təmizləyir, həm də parçanı qoruyur. İlk yumadan etibarən dəsmallar daha dolğun, yumşaq və təravətli olur, eyni zamanda istifadə müddəti uzanır.
Aytən Demokrat.az


