Siyasət Özəl

Ermənistanda seçki nəticələrindən çox pozuntular danışılır — AÇIQLAMA

Ermənistanda seçki nəticələrindən çox pozuntular danışılır — AÇIQLAMA

Ermənistanda ötən gün keçirilən seçkilərdən sonra səsvermə prosesində qeydə alınan qanun pozuntuları yenidən ictimai və siyasi müzakirələrin mərkəzinə çevrilib. Sosial şəbəkələrdə, yerli mediada və müxtəlif informasiya platformalarında seçki günü baş verdiyi bildirilən pozuntularla bağlı çoxsaylı görüntülər və məlumatlar yayılıb. Müşahidəçilərin və siyasi dairələrin bir hissəsi seçki prosesinin şəffaflığı ilə bağlı suallar qaldırdığı halda, bəzi ekspertlər beynəlxalq qurumların və Avropa təsisatlarının bu məsələlərə münasibətinin yetərincə prinsipial olmadığını bildirirlər.

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında seçki prosesində qanun pozuntularının baş verdiyini deyib. Onun sözlərinə görə, rəsmi məlumatlar belə müəyyən problemlərin mövcudluğunu təsdiqləyir.

O deyib ki, faktiki qanun pozuntuları var:

“Polis 17 pozuntu barədə məlumat verib. 6 nəfər də həbs olundu, amma ümumi götürdükdə sosial şəbəkələrdə bir sıra məntəqələrdə səsvermənin dayanması, gizli və açıq səsvermə hallarının olması ifşa olunur. Avropa qurumları maraqlıdır ki, hə bunlara susurlar və ümumiyyətlə heç bir deməli münasibət bildirmirlər. Baxmaq lazımdır, 121 müraciət olunubdur seçki prosesindən bağlı. Qanunsuz təşviqat həyata keçirilib. Xüsusi nişanlarla hakimiyyətə bağlı olan şəxslər gizli təşviqat aparıblar. Bülletenlər üzərində manipulyasiya olunubdur. Yəni, konkret Armavir vilayətində bülletenlər elə hazırlanıb ki, seçiciləri yönləndirir. Hər halda başqasının əvəzinə səsvermə, səsvermənin texniki uğursuzluq baxımından iflic olması yəni bütövlükdə gizli pozuntular filan, bunlar kifayət qədər geniş rəqəmlərdir. Amma ATƏT və Avropa Parlamenti müşahidəçiləri fakt olaraq Ermənistan hakimiyyətinin təsir altındadırlar. Ona görə də Avropanın ikili standartlarından bağlı heç bir mənfi münasibət ifadə eləmirlər”.

Siyasi şərhçi hesab edir ki, seçki günü qeydə alınan hadisələr təkcə ayrı-ayrı məntəqələrdə baş vermiş texniki problemlərlə məhdudlaşmır. Onun fikrincə, müxtəlif məntəqələrdən yayılan görüntülər və iddialar seçki prosesinin gedişində daha sistemli problemlərin mövcudluğu ilə bağlı suallar yaradır. Xüsusilə seçicilərin iradəsinə təsir göstərə biləcək təşviqat fəaliyyətləri, səsvermənin məxfiliyinin pozulması və bülletenlərlə bağlı səsləndirilən iddialar ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.

O, beynəlxalq müşahidə missiyalarının mövqeyinə də toxunaraq bildirib ki, seçki prosesi ilə bağlı səsləndirilən iddialar və yayılan məlumatlar daha geniş araşdırılmalıdır. Onun sözlərinə görə, bu cür halların obyektiv qiymətləndirilməsi seçkilərin legitimliyi və ictimai etimad baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Ermənistanda keçirilən seçkilərin nəticələri və səsvermə prosesi ətrafında müzakirələr davam edir. Müxtəlif siyasi qüvvələr, müşahidəçilər və ekspertlər tərəfindən səsləndirilən fikirlər seçki prosesinin şəffaflığı, qanunvericiliyin tətbiqi və beynəlxalq müşahidə missiyalarının fəaliyyəti ilə bağlı polemikanı daha da gücləndirib. Yaxın günlərdə seçki ilə bağlı daxil olmuş müraciətlərə və qeydə alınan iddialara hüquqi qiymət verilməsi istiqamətində addımların atılacağı gözlənilir.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova