Yay aylarında yüksək temperatur avtomobillərin texniki vəziyyətinə ciddi təsir göstərə bilər. Mütəxəssislər sürücülərə isti havalarda bəzi vacib sistemləri mütəmadi yoxlamağı tövsiyə edirlər.
Demokrat.az xəbər verir ki, ən böyük risklərdən biri mühərrikin həddindən artıq qızmasıdır. Buna görə soyutma mayesinin səviyyəsi, radiatorun vəziyyəti və ventilyatorun işləkliyi nəzarətdə saxlanılmalıdır.
Təkərlərin təzyiqi və ümumi vəziyyəti də yay mövsümündə xüsusi diqqət tələb edir. Yüksək temperatur köhnə və zədələnmiş təkərlərdə partlama riskini artırır.
Mütəxəssislər akkumulyatorun, mühərrik yağının və əyləc mayesinin də yoxlanılmasını vacib sayırlar. İsti hava bu sistemlərin işinə mənfi təsir göstərə bilər.
Bundan əlavə, kondisionerin effektiv işləməsi, qayışların vəziyyəti və yanacaq səviyyəsinin minimum həddən aşağı salınmaması da tövsiyə olunur.
Sürücülərə yay aylarında mühərrikin temperatur göstəricisini daim izləmək və qızma əlamətləri müşahidə olunduqda avtomobili təhlükəsiz yerdə saxlayaraq tədbir görmək məsləhət görülür.
İsmayıl Demokrat.az


