Cəmiyyət Özəl

İctimai nəqliyyatda heyvan daşıyanlar cərimələnə bilər

İctimai nəqliyyatda heyvan daşıyanlar cərimələnə bilər

Son illər ev heyvanı saxlayanların sayı artsa da, onların ictimai nəqliyyatda daşınması ilə bağlı qaydalar bir çox sərnişin tərəfindən tam bilinmir. Xüsusilə avtobus və metroda heyvanların xüsusi qəfəs, çanta və ya təhlükəsizlik vasitələri olmadan aparılması həm narazılıq yaradır, həm də inzibati məsuliyyətə səbəb ola bilər. Bəzi hallarda sərnişinlər qaydalardan xəbərsiz olduqları üçün cərimə ilə qarşılaşırlar. Hüquqşünaslar bildirirlər ki, ictimai nəqliyyatda həm digər sərnişinlərin təhlükəsizliyi, həm də sanitariya qaydaları nəzərə alınmalıdır.

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda ev heyvanlarının ictimai nəqliyyatda daşınması məsələsi son illər daha aktual xarakter alıb:

“Xüsusilə şəhərdaxili avtobuslar və metrodan istifadə edən vətəndaşların sayının artması fonunda bu sahədə hüquqi qaydaların tətbiqi də gündəmə gəlir. Mövcud qaydalar müəyyən qədər normativ baza ilə tənzimlənsə də, praktiki baxımdan onların tam aydın və ictimaiyyət üçün yetərincə izah olunduğunu demək çətindir. Bu səbəbdən bir çox hallarda vətəndaşlar bilmədən inzibati məsuliyyət riski ilə üzləşirlər.

Hüquqi baxımdan ictimai nəqliyyatda əsas prinsip digər sərnişinlərin təhlükəsizliyinin, rahatlığının və sanitariya normalarının qorunmasıdır. Bu səbəbdən ev heyvanlarının nəqliyyat vasitələrində daşınmasına tam qadağa qoyulmasa da, müəyyən məhdudiyyət və tələblər tətbiq olunur. Praktikada metro və avtobuslarda kiçik ölçülü heyvanların xüsusi qəfəsdə, konteynerdə və ya daşıma çantasında aparılması tələb edilir. Böyük cins itlər üçün isə ağızlıq və qısa qayışdan istifadə əsas şərtlərdən hesab olunur”.

O bildirib ki, mövcud qaydaların əsas problemi onların müxtəlif normativ aktlarda parçalanmış formada əks olunmasıdır:

“Bir çox sərnişin hansı heyvanın hansı şəraitdə daşına biləcəyini, hansı nəqliyyat vasitəsində əlavə məhdudiyyətlərin tətbiq olunduğunu dəqiq bilmir. Bu isə həm nəqliyyat işçiləri ilə vətəndaş arasında mübahisələrə, həm də inzibati protokolların tərtibinə səbəb ola bilir. Vətəndaş əsasən heyvanın xüsusi qəfəs və ya daşıma vasitəsi olmadan ictimai nəqliyyata gətirilməsi, iri cins itin ağızlıqsız və nəzarətsiz şəkildə daşınması, heyvanın digər sərnişinlərin təhlükəsizliyinə və ya sağlamlığına təhlükə yaratması, sanitariya-gigiyena qaydalarının pozulması, nəqliyyat işçisinin qanuni tələbinə əməl edilməməsi hallarında cərimələnə bilər. Belə hallarda məsuliyyət İnzibati Xətalar Məcəlləsinin ictimai qaydanın, sanitariya normalarının və nəqliyyatdan istifadə qaydalarının pozulması ilə bağlı müddəaları əsasında yarana bilər. Xüsusilə heyvanın digər sərnişinə zərər vurması və ya təhlükə yaratması zamanı məsuliyyət daha da ağırlaşa bilər və hətta mülki məsuliyyət məsələsi də gündəmə gələ bilər”.

Hüquqşünas mövqeyindən hesab edirəm ki, bu sahədə tənzimləmə tam yetərli olsa da, maarifləndirmə zəifdir:

“Qaydaların metro stansiyalarında, avtobus dayanacaqlarında və ictimai platformalarda daha açıq formada yerləşdirilməsi vacibdir. Çünki hüquqi məsuliyyətin effektiv tətbiqi üçün vətəndaş əvvəlcədən davranış qaydaları barədə aydın məlumatlandırılmalıdır. Eyni zamanda balans prinsipi də qorunmalıdır. Bir tərəfdən heyvan sahiblərinin sərbəst hərəkət hüququ nəzərə alınmalı, digər tərəfdən isə digər sərnişinlərin təhlükəsiz və rahat mühitdə hərəkət etmək hüququ təmin edilməlidir. Bu baxımdan xüsusi daşıma standartlarının müəyyən olunması və vahid qaydaların hazırlanması gələcəkdə mübahisələrin azalmasına kömək edə bilər. Ev heyvanlarının ictimai nəqliyyatda daşınması tam sərbəst hüquq deyil və müəyyən hüquqi öhdəliklərlə müşayiət olunur. Heyvan sahibləri xüsusilə təhlükəsizlik, sanitariya və digər sərnişinlərin hüquqlarını nəzərə almalı, müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Əks halda inzibati məsuliyyət və cərimə tətbiqi tam qanuni hesab oluna bilər”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova