Cəmiyyət Özəl

Bu gedişlə işçi qüvvəsi tapılmayacaq — Sosioloq

Bu gedişlə işçi qüvvəsi tapılmayacaq — Sosioloq

2026-cı ilin yanvar-may ayları ərzində 34 470 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib. B u barədə DSMF-dən bildirilib. Müavinət ödənişləri 16 044 nəfər qız, 18 426 nəfər oğlan uşağına görə aparılıb. Sosioloqların təhlilinə görə, Azərbaycanda doğum faizi aşağı düşüb. Rəsmi statistik rəqəmlər kəskin azalmanı təsdiqləyir. Dövlət Statistika Komitəsinin və Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin son məlumatları ölkədə doğum sayının tarixi minimuma endiyini göstərir. Son illərin dinamikası doğum sayının ardıcıl olaraq kəskin azaldığını ortaya qoyur. Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə ölkədə 170 503 uşaq doğulmuşdu. Bu isə son 10 ildə doğumun kəskin şəkildə azaldığını göstərir. Mütəxəssislər doğumun azalmasını gənclərin gec evlənməsi, boşanma sayının artması, karyera hədəfləri və sosial-iqtisadi amillərlə əlaqələndirirlər.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, doğum faizinin getdikcə aşağı düşməsi sosial və demoqrafik baxımdan ciddi disbalans yaradır:

“Son illərdə bu tendensiya daha da sürətlənib və doğum sayında kəskin azalma müşahidə olunur. Bu isə əhalinin qocalmasına səbəb olur. Əhalinin strukturunda uşaqların və gənclərin payı azalır. Nəticədə həm ümumi əhali artımı zəifləyir, həm də gələcəkdə işçi qüvvəsinin azalması riski yaranır. Bu isə əmək bazarında ciddi çatışmazlıqlara gətirib çıxara bilər. Məhz buna görə dünyanın bir çox ölkəsi əhalinin yenilənməsi məsələsinə xüsusi diqqət ayırır. Məqsəd uşaqların və gənclərin sayını artırmaq, onların əhali strukturundakı payını gücləndirmək və məhsuldar əmək qüvvəsini qorumaqdır. Bir sıra ölkələr artıq aşağı doğum səviyyəsinin mənfi nəticələri ilə üzləşiblər. Məsələn, Yaponiyada əhalinin sürətlə yaşlanması prosesi gedir. Gənclərin sayı azalır, yaşlı insanların sayı isə artır. Bu da dövlətin maliyyə yükünü ağırlaşdırır. Sosial yardımların, pensiya ödənişlərinin və digər sosial təminat xərclərinin artması iqtisadiyyata əlavə təzyiq yaradır”.

O deyib ki, əvvəllər hər 10 nəfərdən 7-si işləyir, 3 nəfər isə pensiya və sosial təminat alırdısa, indi bu balans dəyişir:

“İşləyənlərin sayı azalır, sosial təminata ehtiyacı olanların sayı isə artır. Belə vəziyyətdə az sayda çalışan insan daha çox insanın sosial yükünü daşımalı olur. Bu isə həm işçi qüvvəsinə, həm də dövlət büdcəsinə ciddi təzyiq yaradır. Doğum səviyyəsinin aşağı düşməsi milli inkişafı da zəiflədir. Bu məsələ artıq strateji təhlükəsizlik məsələsi hesab olunur. Əhalinin azalması uzunmüddətli perspektivdə millətin zəifləməsinə, hətta müəyyən xalqların sayının kəskin şəkildə azalmasına səbəb ola bilər. Buna görə də bu istiqamətdə kompleks tədbirlərin görülməsi vacibdir. Dövlət tərəfindən həm sosial dəstək proqramları, həm də ailələri stimullaşdıran layihələr həyata keçirilməlidir. Eyni zamanda mənəvi və psixoloji təbliğata da diqqət ayrılmalıdır.

Son dövrlərdə bəzi platformalarda evlənməmək, uşaq sahibi olmamaq və boşanmaların normallaşdırılması halları müşahidə olunur. Bu isə ailə institutunun zəifləməsinə və doğum səviyyəsinin azalmasına təsir göstərir. Bu səbəbdən həm sosial, həm də ideoloji istiqamətdə ciddi iş aparılmalıdır ki, gələcəkdə daha ağır problemlərlə qarşılaşmayaq. Dünya təcrübəsi göstərir ki, bir çox ölkələr bu problemi miqrant axını hesabına həll etməyə çalışırlar. Xüsusilə Avropa ölkələrində belə tendensiyalar müşahidə olunur. Lakin bu da öz növbəsində yeni sosial və mədəni problemlər yaradır. Ən sağlam yol hər bir ölkənin öz əhalisinin təbii artımını təmin etməsidir. Əhalinin davamlı şəkildə yenilənməsi əmək bazarında balansın qorunmasına, iqtisadi sabitliyə və sosial tarazlığın saxlanmasına kömək edir. Son dövrlərdə bu məsələ daha da aktuallaşıb və geniş müzakirə olunur.

Ümid edirəm ki, yaxın zamanda bununla bağlı xüsusi dövlət proqramları, qanunvericilik təşəbbüsləri və sosial layihələr həyata keçiriləcək və problemin qarşısını almaq mümkün olacaq”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova