İqtisadiyyat Özəl

Ət və çörəyin qiymətinə təsir edəcək qərar imzalandı

Ət və çörəyin qiymətinə təsir edəcək qərar imzalandı

Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı aqrar sektorda əsaslı kəmiyyət və keyfiyyət dəyişikliklərinə yol açacaq. Sənədə əsasən, növbəti illərdə kənd təsərrüfatı və emal məhsullarının ixracı hər il orta hesabla 6 faiz artacaq. Əsas hədəf ərzaq təhlükəsizliyini yerli istehsal hesabına təmin etmək və xarici bazarlardan asılılığı minimuma endirməkdir.

Demokrat.az xəbər verir ki, yeni proqramın icrası birbaşa istehlak bazarındakı qiymətlərə də təsir göstərəcək. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev mətbuat konfransında bildirib ki, dövlətin ət istehsalı ilə bağlı strateji hədəfləri bazarda sabitliyi təmin edəcək. Belə ki, yüksək məhsuldar cins heyvanların payı 2,5 faizdən 10 faizə qaldırılacaq. Bu addım ət istehsalının 20 faiz, süd istehsalının isə 10 faiz artması ilə nəticələnəcək. Nazir müavini qeyd edib ki, idxaldan asılılığın azalması və maya dəyərinin aşağı düşməsi ətin qiymətində kəskin artımların qarşısını alacaq, bazarda uzunmüddətli sabitlik yaradacaq.

Strateji məhsullardan olan buğda istehsalında da ciddi artım planlaşdırılır. İxtisaslaşmış rayonlarda məhsuldarlığın hər hektar üçün 50 sentnerə çatdırılması hədəflənir ki, bu da ümumi istehsal həcmini 20 faiz artıracaq. Pambıqçılıqda isə emal məhsullarının həcminin 4 dəfə artırılması nəzərdə tutulur.

Dövlət Proqramında infrastruktur layihələri də geniş yer tutur. Müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazilər 2 dəfədən çox artırılaraq 300 min hektara çatdırılacaq. Eyni zamanda, ölkə üzrə əlavə 100 min tonluq soyuducu anbarlar və 150 min tonluq taxıl siloları qurulacaq. Cəbrayılda yaradılacaq “Şərqi Zəngəzur” pilot istixana aqroparkı isə regionun ixrac potensialını gücləndirəcək.

Demokrat.az

NE
Nihadə Eyyubova