Kriminal Özəl

Söyüşə görə "Eclipse"də dava düşdü — İş məhkəməyə getdi

Söyüşə görə Eclipsedə dava düşdü — İş məhkəməyə getdi

Bakının Sabunçu rayonunda 39 yaşlı kişi tanışına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 31-də rayonun Sabunçu qəsəbəsində, Ə.Məmmədəliyev küçəsində yerləşən "Eclipse" kafesinin həyətində baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vüsal həmin gün saat 21 radələrində kafenin həyətində tanışı Mahmudla mübahisə edib. Mübahisə zamanı Mahmudun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında münaqişə yaranıb. Vüsal qəsdən əli ilə Mahmudun üz nahiyəsinə bir dəfə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, ifadəsində zərərçəkmiş şəxslə barışdığını bildirib.

Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edib. O, təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova