Paltaryuma zamanı sərf olunan tonlarla suyu və kimyəvi yuyucu vasitələri tamamilə aradan qaldıra biləcək yeni bir parça texnologiyası hazırlanıb.
Demokrat.az xəbər verir ki, çinli alimlərin üzərində işlədiyi bu metod, geyimlərin üzərində görünməz bir su zirehi yaradaraq ləkələrin liflərə yapışmasının qarşısını alır.
Köpüklü sular və ətirli yuyucu vasitələr müasir dünyada təmizlik anlayışının əsas simvolları sayılır. Lakin çox insan bu vərdişlərin arxasındakı böyük ekoloji xərcləri nəzərə almır. Adi bir paltaryuyan maşın bir dəfə işlədikdə orta hesabla 40–60 litr təmiz su sərf edir. Üstəlik kimyəvi yuyucular tullantı suları ilə birlikdə mikroplastik yayılmasını da artırır.
Məsələ o qədər ciddidir ki, təkcə Çində hər il paltar yuyulması nəticəsində təxminən 10 milyard litr çirkli su təbiətə qarışır. Suya qənaət edən məişət texnikası bu problemi tam həll etmədiyi üçün Çindəki Cənub-Şərqi Universiteti və Jilin Universitetinin materialşünas alimləri mövzuya fərqli yanaşıb. Mütəxəssislər yuyucu vasitələrə ehtiyacı aradan qaldıra biləcək yeni örtük texnologiyası üzərində işləyir.
Alimlər kirləri kimyəvi yolla həll etmək əvəzinə birbaşa parçaların səth strukturunu dəyişməyə fokuslanıblar. Pambıq, ipək və polyester kimi geniş yayılmış tekstil materiallarının üzərinə müsbət və mənfi yüklü polimer qatları püskürdülüb. Bu proses parça səthində su molekullarını nizamlı şəkildə yerləşdirən sülfonatla zəngin bir təbəqə yaradır. Nəticədə geyim ilə xarici təsirlər arasında molekulyar səviyyədə su qalxanı formalaşır.
Ənənəvi su keçirməyən geyimlər mayeni sadəcə səthdən uzaqlaşdırır. Bu yeni texnologiya isə səthdə incə su baryeri saxlayaraq yağ, tər, ketçup və soya sousu kimi inadkar ləkələrin liflərə keçməsinin qarşısını alır. Ləkələr dərinə nüfuz edə bilmədiyi üçün təmizlik çox daha asan olur. Yüngül su axını belə kirləri saniyələr içində aradan qaldıra bilir.
Laboratoriya sınaqları bu innovativ metodun ləkə təmizləmədə ənənəvi yuyucu vasitələri üstələdiyini göstərib. Sistem yuma zamanı ayrılan mikroplastik hissəcikləri də öz strukturunda saxlayaraq suya qarışmasının qarşısını alır. Polimer örtüyün ev təsərrüfatlarında su və elektrik xərclərini təxminən 82 faiz azaltdığı hesablanıb.
Yeni nəsil parçaların istehsal xərci standart məhsullara nisbətən daha yüksək olsa da, yuyucu vasitə xərclərinin aradan qalxması səbəbilə 15 yuma dövründə özünü ödədiyi bildirilir. Örtük həmçinin bakteriya və kif əmələ gəlməsinin də qarşısını alır. Tərlə bağlı qoxuların yaranması azaldılır, geyimlərdə rütubət və küf problemi aradan qalxır. İnsan dərisi üçün tam təhlükəsiz olduğu bildirilən nano örtük 100-dən çox yuyulmadan sonra belə təsirini saxlayır və parçanın hava keçirmə xüsusiyyətinə zərər vermir.
Hazırda konsept mərhələsində olan layihənin qarşısındakı əsas çətinlik texnoloji deyil, sosial faktorlarla bağlıdır. Mütəxəssislər bildirir ki, əsas maneə köklü istehlak vərdişləridir. İnsanların təmizlik anlayışı köpük və süni qoxularla formalaşıb. Buna görə də köpüksüz və qoxusuz təmizlik modelinə qarşı etimad problemi yarana bilər. Layihə komandaları texnologiyanı gündəlik həyata uyğunlaşdırmaq üçün müstəqil təhlükəsizlik testləri və real istifadəçi təcrübələri üzərində işləri davam etdirir.
Jalə Demokrat.az


