Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı təyin edilən 20 bal limitinə yenidən baxıla bilər. Bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim edilib. Bildirilib ki, son günlər sürücülərə tətbiq olunan cərimələr və cərimə balları geniş müzakirə olunur. Xüsusilə 20 ballıq limitin sürücülər üçün ciddi problemlər yaratdığı qeyd edilir. Ekpertlərin fikrincə, limitə yenidən baxıla bilər.
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, Azərbaycanda tətbiq olunan cərimə balı sistemi sovet dövründən və MDB ölkələrinin təcrübəsindən gələn mexanizmin davamıdır:
“Əsas məqsədi yol hərəkəti qaydalarının pozulmasına qarşı tənbeh və nizam-intizam yaratmaqdır. Lakin mövcud yanaşmaya görə, bu sistem praktiki baxımdan gözlənilən effekti tam vermir və sürücülərin davranışına ciddi təsir göstərməkdə çətinlik çəkir. Sistemin əsas mahiyyəti balların toplanaraq 20 həddinə çatdıqda sürücülük vəsiqəsinin qüvvədən düşməsi və ya məhkəmə yolu ilə ləğv olunması ilə nəticələnməsidir. Bununla belə, bu mexanizm bir çox hallarda maarifləndirici rol oynamır, əksinə daha çox inzibati məhdudlaşdırma vasitəsi kimi çıxış edir. Sürücülərin böyük bir qismi hansı yol hərəkəti qaydasının pozulmasına görə neçə bal yazıldığını dəqiq bilmir. Bu isə sistemin şəffaflığını və təsir gücünü azaldan əsas amillərdən biri kimi qiymətləndirilir. Nəticədə, bal sistemi yol hərəkəti iştirakçılarını düzgün istiqamətləndirməkdən çox, yalnız nəticə etibarilə sürücülük hüququnun itirilməsi riski yaradır”.
O qeyd edib ki, xüsusilə avtobus zolaqları, velosiped zolaqları və digər xüsusi hərəkət zolaqlarının pozulmasına görə əlavə balların tətbiqi cəmiyyətdə və sürücülər arasında narazılıq doğurur:
“Bu kontekstdə bal sisteminin sərtləşdirilməsi və ya limitin artırılması deyil, əksinə bəzi yüngül xarakterli pozuntular üzrə balların ləğv edilməsi daha məqsədəuyğun hesab edilir. Digər tərəfdən, müzakirələrdə bal limitinin artırılması məsələsinə də toxunulur və nəzəri baxımdan bunun mümkün olduğu qeyd edilir. Yəni 20 balın 25, 30 və ya daha yüksək həddə qaldırılması hüquqi qərardan asılı olaraq həyata keçirilə bilər. Lakin hazırkı mərhələdə belə bir dəyişiklik üçün real əsasların olmadığı bildirilir.
Ümumilikdə isə belə qənaətə gəlinir ki, mövcud sistemin əsas problemi onun davranış dəyişdirici təsirinin zəif olmasıdır və gələcəkdə hər hansı dəyişiklik yalnız aidiyyəti qurumların qəbul edəcəyi qərarlardan asılı olacaq”.
Leyla Turan Demokrat.az


