Ailə dəyərləri və gənclərin evliliyə yanaşması ilə bağlı səsləndirilən fikirlər yenidən ictimai müzakirələrə səbəb olub. Xalq artisti Xalidə Quliyevanın gənclərin ailə qurmadan əvvəl bir müddət birlikdə yaşaması ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə və cəmiyyətdə birmənalı qarşılanmayıb. Sənətkar hesab edir ki, gənc oğlan və qız ailə qurmazdan əvvəl bir-birini daha yaxından tanımalı, müəyyən müddət eyni həyatı paylaşmalıdır. Onun sözlərinə görə, bu, gələcəkdə qurulacaq ailənin daha sağlam və davamlı olmasına kömək edə bilər.
“Mən bunu bu gün anlayıram. Gənc oğlanla qız tanış olurlar. Nə isə onların fikirləri uyğun gəlirsə, bir müddət görüşməlidirlər, bir müddət bir yerdə olmalıdırlar, bir müddət eyni həyatı yaşamalıdırlar. Teatra, kinoya getməlidirlər, bir-birlərini tanımalıdırlar. İki-üç il birlikdə yaşasınlar ki, bilsinlər, bir-birinə layiqdirlər, ondan sonra ailə qursunlar. Məncə, belə olmalıdır”, – deyə Xalidə Quliyeva bildirib.
Bu barədə Əməkdar artist Elnarə Abdullayeva Demokrat.az-a açıqlama verib.
O deyib ki, hər kəs həyata necə baxırsa, elə də yaşayır:
“Vallah, bu məsələlər bizim nəsə deməyimizlə dəyişən şeylər deyil. Kim necə düşünürsə, öz həyatını da ona uyğun qurur. Açığı deyim ki, mənim üçün əsas məsələ insanların xoşbəxt olmasıdır. Kim necə yaşayırsa, yaşasın. Quran haqqı, mənim üçün belə məsələlər maraqlı deyil. Kim nə edirsə, özü bilir. Sən desən də o işi görəcəklər, deməsən də. Hər insan öz yolunu, öz həyatını yaxşı bilir. Əlbəttə, bizim cəmiyyətin öz mental dəyərləri, ailə ənənələri var və illərlə formalaşmış baxışlar mövcuddur. Amma zaman dəyişdikcə insanların münasibətlərə yanaşması da dəyişir. Kimi bunu qəbul edir, kimi etmir. Bu isə artıq şəxsi baxış məsələsidir. Mənim fikrimcə, münasibətdə əsas olan hörmət, sevgi, səmimiyyət və qarşılıqlı anlaşmadır. Çünki ailəni ayaqda saxlayan əsas dəyərlər bunlardır. Biz özümüzü öldürsək belə, insanlar sonda yenə öz istədikləri həyatı yaşayacaqlar”.
Leyla Turan Demokrat.az


