Cəmiyyət Özəl

Vəfat edən şəxsin hər dəfn istəyi yerinə yetirilməlidir? — İlahiyyatçıdan AÇIQLAMA

Vəfat edən şəxsin hər dəfn istəyi yerinə yetirilməlidir? — İlahiyyatçıdan AÇIQLAMA

İnsan vəfat etdikdən sonra onun yaxınları tərəfindən müəyyən vəsiyyətlərin yerinə yetirilməsi bir çox cəmiyyətlərdə həm dini, həm də ənənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. İslamda da vəsiyyət anlayışı var və insanın sağlığında etdiyi vəsiyyətin icrası vacib sayılır. Lakin bəzən vəsiyyət adı ilə yas mərasimlərində və qəbiristanlıq ziyarətlərində müxtəlif davranış formaları müşahidə olunur ki, bunların bir qismi ictimai və dini baxımdan suallar doğurur. Bəzi hallarda yas mərasimlərində qeyri-ənənəvi davranışlara rast gəlinir. Qəbiristanlığa uyğun olmayan geyimdə getmək, yüksək səslə musiqi və ya müğənni gətirmək, avtomobil siqnallarından istifadə etmək, hətta heyvan aparmaq kimi hallar müzakirə mövzusuna çevrilir. Bu cür davranışların mərhumun xatirəsinə və ümumi dini-etik normalara nə dərəcədə uyğun olduğu isə cəmiyyətdə fərqli yanaşmalar doğurur.

Bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib.

O bildirib ki, İslam dini insanın dirisinə hörmət etdiyi kimi, vəfat etmiş insana da dəyər verir və ona ehtiram göstərir:

“Necə ki, diri insanların istək və arzuları önəm daşıyır və təqdir olunur, insan vəfat etməzdən əvvəl etdiyi vəsiyyətlər də vəfatından sonra müəyyən əhəmiyyət daşıyır. Lakin burada mühüm bir məqam var. İnsan vəfat etməzdən əvvəl dəfni, dəfn mərasimi və digər məsələlərlə bağlı müxtəlif arzular ifadə edə bilər. Bütün bunlar İslam şəriətində və İslam hüququnda müzakirə olunan məsələlərdir. Əgər edilən vəsiyyət İslam şəriətinə uyğundursa, əlbəttə ki, onun yerinə yetirilməsi doğru hesab olunur və bu, həmin insana verilən vədin həyata keçirilməsi sayılır. Yox əgər vəsiyyət edilən məsələlər İslam şəriətinə uyğun deyilsə, o zaman həmin istəklərin həyata keçirilməsi düzgün hesab olunmur. Son illər bəzi bölgələrdə qəbir ziyarətləri zamanı musiqidən istifadə olunması, xüsusi mərasimlərin təşkili, eləcə də qəbirlərin həddindən artıq dəbdəbəli şəkildə qurulması kimi halların şahidi oluruq. Halbuki İslam sadəliyi sevən bir dindir”.

O deyib ki, İslam insana bu dünyanın fani olduğunu xatırladır:

“İnsan nə qədər qəbir üzərində ağır və bahalı daşlardan istifadə etsə, böyük türbələr inşa etsə və ya müxtəlif mərasimlərlə həmin şəxsi son mənzilə yola salsa da, burada əsas məsələ Allahın razılığının olub-olmamasıdır.Biz inanc olaraq İslam dinini qəbul etmişik və İslam dini dəfn mərasimində sadəliyi tövsiyə edir. Vəfat etmiş insana qüsl verilməsi, cənazə namazının qılınması, halallıq alınması və daha sonra sadə şəkildə dəfn olunması əsasdır. Qəbirin bir qədər hündür edilməsi və sadə başdaşı qoyulması kifayət hesab olunur. Bundan artıq olan, müxtəlif musiqilər, əlavə ayinlər və digər nümayiş xarakterli mərasimlər isə dini baxımdan zəruri hesab edilmir. Əgər insanın vəfatından əvvəl etdiyi vəsiyyət İslam şəriətinə və fiqhinə uyğundursa, onun yerinə yetirilməsində heç bir problem yoxdur. Əksinə, bunun həyata keçirilməsi daha münasib sayılır. Amma əgər həmin vəsiyyət şəri hökmlərə ziddirsə, o zaman bir müsəlmanın bu cür əməlləri yerinə yetirməsi doğru hesab olunmur”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova