Bakının Sabunçu rayonunda iki gəncin baxışması bıçaqlanma ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində baş verib. 2002-ci il təvəllüdlü Qulu Şamilin ona baxmasını və digər şəxslə mübahisə etməsini cüzi səbəb kimi bəhanə gətirib, üzərində saxladığı istintaqa məlum olmayan deşici-kəsici alətlə ona iki dəfə xəsarət yetirib.
Qulunun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Qulu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü o və dayısı oğlu işdən çıxaraq marketə gediblər:
“Mən tikintidə işləyirəm, dayım oğlu da yanımda köməkçi işləyir. Marketə gedəndə də çıxanda da Şamilin bizə baxdığını gördüm. Şamildən niyə baxdığını soruşdum. Bu zaman Şamilin telefonuna zəng gəldi. Bir dəqiqə bizi gözlətdi, telefonla danışdı və sonra bizə dedi ki, baxmaq olmaz. Cavabımda olar dedim və niyə elə baxdığını soruşdum. Bir baxmağa görə problem yaratmaq istəmədim və üzümü çevirərək gedən zaman arxamızla gəldi. O, dedi ki, sizinlə görüşəcəyəm. Məndən harada qaldığımı soruşdu. Mən də məhəllədə qaldığımı dedim. Bizim ortaq tanışlarımız da olub. Mən görüşməyə ehtiyac olmadığını dedim. Lakin Şamil pis ifadələr işlətdi. Mən Şamili vurduqdan sonra qaçdım. O, söyüş söyə-söyə marketə getdi. Fazil ona yaxınlaşaraq niyə söydüyünü soruşdu. Bundan sonra Şamillə Fazil arasında mübahisə yarandı. Fazil yerə yıxıldı, Şamil onu döyməyə başladı. Mən Şamilin bizi vurduğunu, həm də söydüyün gördüm, özümdən asılı olmadan Şamilə bıçaqla zərbə yetirdim”.
İş üzrə zərərçəkmiş Şamilin sözlərinə görə, ümumi olaraq hadisədən çox keçdiyi üçün xatırlamadığını, anlaşılmazlıq olduğu üçün məsələnin bu yerə gələrək çıxdığını bildirib:
“Təxminən 2024-cü ilin oktyabr ayında Sabunçu qəsəbəsində Qulu tərəfindən bıçaqla vurularaq xəsarət almışam. Həmin gün həyat yoldaşımın doğum günü olub. Bu səbəbdən yaşadığım evdən çıxdım ki, həm tort alım, həm də qaz kartına pul yükləyim. Hadisə yaşadığım məhəlləyə yaxın ərazidə baş verib”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilib.
Quluya 3 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli Demokrat.az


