İstehlak bazarında onlayn alış-verişin genişlənməsi ilə birlikdə məhsulların qaytarılması məsələsi daha çox aktuallıq qazanır. Qanunvericiliyə əsasən bir çox məhsul 14 gün ərzində geri qaytarıla bilir. Lakin bu qayda bütün mallara eyni formada şamil edilmir. Xüsusilə istifadə olunan və aşınmaya məruz qalan təkər kimi məhsullarda geri qaytarma hüququ necə tənzimlənir?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda və bu qanundan irəli gələn Nazirlər Kabinetinin 114 saylı qərarında, eləcə də 94 saylı qərarında bir sıra çatışmazlıqların olduğu qeyd olunur:
"Məsələn, bir yerdə göstərilir ki, ərzaq malları yararlılıq müddəti daxilində 14 gün ərzində qaytarıla və ya dəyişdirilə bilər, əgər istehlakçının tələbatını ödəmirsə. Digər tərəfdən isə qeyd olunur ki, satış məntəqəsindən çıxarılmış ərzaq malları dəyişdirilmir və qaytarılmır. Bu isə praktiki olaraq ziddiyyət yaradır.
Həmçinin oxu: “Goodride” təkərləri ilə bağlı şikayət — '2 həftəyə sıradan çıxdı'
Vətəndaş mağazanın içərisində məhsulu sınaqdan keçirə bilməz. Toyuq və ya digər ərzaq məhsulunu bişirib dadına baxmaq mümkün deyil ki, onun tələbatı ödəyib-ödəmədiyi müəyyən edilsin".
Ekspert deyib ki, eyni vəziyyət qeyri-ərzaq mallarında da müşahidə olunur:
"Hamıya məlumdur ki, insanlar mövsümə uyğun olaraq geyim və ayaqqabı alır. Qış ayaqqabısını yayda almaq, yaxud əksinə, onun keyfiyyətini və rahatlığını dərhal müəyyən etməyi çətinləşdirir. Lakin qanunvericilikdə bəzi hallarda məhsulun işlənməmiş olması şərti qoyulur. Bu isə istehlakçının real şəraitdə məhsulu yoxlama imkanını məhdudlaşdırır.
Bununla belə, əhali bilməlidir ki, bir sıra malların, o cümlədən təkərlərin, ayaqqabı altlıqlarının və digər oxşar məhsulların da müəyyən yararlılıq müddəti mövcuddur. Eyni zamanda parfümeriya və bəzi digər məhsullar da bu kateqoriyaya aiddir.
Əgər istehlakçı təkər və ya digər məhsulu alıb qısa müddət istifadə etdikdən sonra onun keyfiyyətində və ya yararlılıq müddətində problem aşkar edərsə, bu halda onun dəyişdirilməsini və ya qaytarılmasını tələb etmək hüququ var.
Bütün hallarda yararsız və ya keyfiyyətsiz məhsul satılıbsa, istehlakçı öz hüquqlarının müdafiəsi üçün müvafiq dövlət orqanlarına müraciət edə bilər", - deyə o qeyd edib.
Əfsanə Kamal Demokrat.az


