Tavanın birbaşa istilikvermə xüsusiyyəti səhər yeməkləri üçün sobaya alternativ yaradır. Ev şəraitində qısa müddətdə hazırlanan tava börəyi xırtıldayan qatları və yumşaq tərkibi ilə diqqət çəkir. Aşpazlar sobanın qızmasını gözləmədən, cəmi 15 dəqiqəyə bişən bu təamın əsas sirlərini paylaşıblar. Proses düzgün tava seçimi, xüsusi sous və xəmirin qatlanma üsuluna əsaslanır.
Demokrat.az xəbər verir ki, börəyin qurumasının qarşısını alan və su börəyi dadı verən əsas element düzgün hazırlanmış sousdur. Süd, qazlı su, əridilmiş kərə yağı və yumurta qarışığı xəmir qatları arasında buxar qalxanı yaradır. Qazlı suyun tərkibindəki qabarcıqlar börəyin tavanın içində şişməsini və xırtıldayan olmasını təmin edir.
Məhsulun bişirilmə variantında tava seçimi vacib rol oynayır. İstiliyi bərabər paylayan, yapışmayan, qalın çuqun və ya teflon tavalardan istifadə edilməlidir. Xəmir kimi isə paketlənmiş məhsullar deyil, gündəlik və nazik yayılmış təzə yuxalara üstünlük verilməlidir. Təzə yuxa sousu daxilinə çəkərək içliyin yumşaq qalmasına kömək edir.
Qatlama prosesində ilkin olaraq tavanın dibi kərə yağı ilə yağlanır. İlk yuxa kənarları tavadan kənara daşacaq şəkildə bütöv yerləşdirilir. Digər yuxalar sousa batırılaraq büzülür və tavanın içinə qoyulur. Orta qata zövqə görə cəfəri ilə qarışdırılmış kəsmik, qovrulmuş qiymə və ya kartof içliyi əlavə edilir. Üst qatlar da souslu yuxa ilə örtüldükdən sonra kənara daşan hissələr yuxarıya doğru qatlanır.
Bişirmə zamanı yüksək oddan istifadə etmək xəmirin içinin çiy qalmasına, çölünün isə yanmasına səbəb olur. Tava zəif odun üzərinə qoyulur və qapağı bağlanaraq 10 dəqiqə bişirilir. Alt hissə qızardıqdan sonra börək düz qapaq vasitəsilə tərsinə çevrilir. Digər tərəfi bişirərkən xırtıldayanlığın itməməsi üçün tavanın qapağı açıq saxlanılır.
Aytən Demokrat.az


