Sosial

Azərbaycanda bu ailələrə hər ay 650 manat verilir

Azərbaycanda bu ailələrə hər ay 650 manat verilir

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi üçün tətbiq edilən "Himayədar ailə" modeli uğurla davam edir. Ölkəmizdə artıq 78 uşaq himayədar ailələrə verilib ki, onlara görə dövlət tərəfindən hər ay müəyyən məbləğdə müavinət ödənilir.

Demokrat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, himayədar ailəyə verilən uşaqların 34-ü oğlan, 44-ü qızdır. Hazırda bu uşaqların böyük hissəsi Bakıda, qalanları isə Abşeron və müxtəlif regionlardakı ailələrdə yaşayır.

Aylıq ödənişlərin məbləği nə qədərdir? Nazirlik tərəfindən uşaqların yaşına və sağlamlıq vəziyyətinə uyğun olaraq aşağıdakı məbləğlərdə aylıq müavinətlər ödənilir:

6 yaşadək uşaqlara görə: 355 manat; 7-13 yaş arası uşaqlara görə: 375 manat; 14-18 yaş arası uşaqlara görə: 395 manat.

Əlilliyi olan uşaqlar üçün bu dəstək daha yüksəkdir. Belə ki, yaş qrupundan asılı olaraq əlilliyi olan uşaqları himayəyə götürən ailələrə hər ay 500, 600 və 650 manat ödəniş edilir.

Bundan başqa, himayədar ailələrə uşaqların mövsümi geyim xərcləri üçün hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik yardım da verilir.

Qeyd edək ki, hər il mayın 31-i Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur. Bu model uşaqların müəyyən müddət ərzində dövlət nəzarəti altında, lakin ailə mühitində qayğı ilə əhatə olunmasını təmin etmək məqsədi daşıyır.

Demokrat.az

NE
Nihadə Eyyubova