Maddi rifahın yalnız çox işləməkdən deyil, həm də qazanılan vəsaiti düzgün idarə etməkdən asılı olduğu qədim zamanlardan məlumdur. Keçmişdə insanlar qazancın evin bərəkətini artırması üçün müəyyən qaydalara ciddi əməl ediblər. Xüsusilə maaş alınan gün mübahisələrdən qaçmaq, maliyyə hərəkətlərinə diqqət yetirmək vacib sayılırdı. Həmin inancların bəziləri müasir dövrdə adət-ənənə və ya xurafat kimi görünsə də, bir çox addım bu gün də büdcəni qorumaq baxımından faydalı hesab edilir.
Qazanılan vəsaitin ilk gün xərclənməməsi bərəkət rəmzi sayılır. Ən geniş yayılmış qaydalardan biri budur ki, maaş alınan gün pulun hamısı xərclənməməlidir. Qədim inanclara görə, gəlir mütləq evdə ən azı bir gecə qalmalıdır. Bu, maddi sabitliyi təmin edən addım kimi dəyərləndirilirdi. Günümüzdə də iqtisadçılar emosional alış-verişdən qorunmaq üçün maaş günü xərclərdən uzaq durmağı məsləhət görürlər.
Gəlir əldə edilən gün borc münasibətlərindən uzaq durmaq lazımdır. Keçmişdə insanlar maaş günündə yaxın adamlarına belə borc verməkdən çəkinərdilər. Hesab olunurdu ki, həmin gün pulu əldən vermək uğuru və maddi rahatlığı itirməyə səbəb ola bilər. Eyni zamanda həmin gün borc almağın da gələcək qazancın qarşısını kəsdiyi bildirilirdi.
Qaranlıq düşəndən sonra pul saymaq uğursuzluq gətirə bilər. Gün batandan sonra böyük məbləğdə nağd vəsaitin sayılması arzuolunmaz hərəkət hesab edilirdi. İnsanlar bunun gözlənilməz xərclərə və ya maliyyə itkilərinə yol açacağına inanırdılar. Bu səbəbdən bütün hesablamalar səhər və ya günorta saatlarında həyata keçirilirdi.
Maddi vəziyyətdən gileylənmək yoxsulluğa zəmin yaradır. Xalq arasında qazancın azlığından şikayət etməyin mənfi enerji çağırdığı qeyd olunurdu. Maaş günü əldə olunan gəlirə görə şükür etmək, neqativ fikirlərdən uzaq durmaq tövsiyə edilirdi. Pozitiv yanaşmanın yeni qazanc qapıları açdığı vurğulanırdı.
Cüzdanın tamamilə boşaldılması maliyyə uğurunu zəiflədir. Digər inanca görə, şəxsi pulqabında hər zaman az da olsa nağd vəsait qalmalıdır. Hətta ən böyük alış-verişlərdən sonra belə içəridə saxlanılan kiçik əsginas və ya qəpik maddi sıxıntıların qarşısını alan simvol hesab olunurdu.
Nizam-intizam və səliqə qazancı artırır. Pulun səliqəni sevdiyi ideyası hər zaman aktual olub. Əsginasların qatlanmadan, nizamla düzülməsi, cüzdanda lazımsız kağızların saxlanmaması vacib şərt idi. Müasir dövrdə psixoloqlar da təsdiqləyirlər ki, maliyyə məsələlərindəki nizam insanın öz büdcəsinə daha məsuliyyətli yanaşmasına kömək edir.
Yəni, qədim dövrlərdən bəri gələn bu inanclar əslində insanları maaş günü plansız xərclər etməkdən, borca girməkdən qorumaq və pulla daha diqqətli davranmağa vərdiş etdirmək məqsədi daşıyır.
İsmayıl Demokrat.az


