“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi davam edir.
Demokrat.az xəbər verir ki, layihə çərçivəsində növbəti konsert, mayın 23-ü, saat 15:00-da Qara Qarayevin Ev Muzeyində gənc piano ifaçısı Nüşabə Rüstəmovanın iştirakı ilə baş tutub. Qeyd edək ki, Nüşabə Rüstəmova ilk musiqi təhsilini Tovuz rayon Düz qırıqlı kənd 7 illik uşaq musiqi məktəbində, daha sonra isə orta təhsilini Gəncə Musiqi Kollecində davam etdirmişdir. 2022-ci ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar müəllim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dosenti Rəşad Kazımovun sinfində eyni ixtisas üzrə bakalavr təhsilini davam etdirir. Təhsil aldığı müddət ərzində bir sıra konsertlərdə, yerli və xarici festivallarda və həmçinin elmi-ifaçılıq konfranslarında çıxış etmişdir.
Tədbirin açılışında “İRƏLİ” İctimai Birliyinin əməkdaşı, “Solo gənclik” layihəsinin koordinatoru Nihad Rəhimli çıxış edərək layihənin əsas məqsədləri, gənc ifaçılara dəstək və layihə çərçivəsində keçirilən fəaliyyətlər haqqında ümumi məlumat veriblər. Nihad Rəhimli vurğulayıb ki, bu günədək silsilə şəklində davam edən layihə artıq 29-cu konsertini uğurla reallaşdırır.
Konsert proqramının gedişatında isə Nüşabə Rüstəmova İohann Sebastyan Baxın, Lüdviq van Bethovenin və Qara Qarayevin müxtəlif klassik musiqi əsərlərini pianoda ifa edib.
Layihənin əsas məqsədi gənc yaradıcı fərdlərə səhnəyə çıxmaq imkanı vermək, onların sənət dili ilə cəmiyyətə öz töhfələrini təqdim etməyini stimullaşdırmaqdır. Musiqi, eləcə də müxtəlif mədəni ifadə formalarını bir araya gətirən "Solo Gənclik" həm klassik, həm də çağdaş yanaşmaları cəmləşdirərək çoxçeşidli gənc profillər üçün çıxış imkanları yaradır.








