“Meyvəli” topdan satış bazarında arabaçılar arasında dava düşüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 25-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” topdan satış bazarının 6-cı sırasında baş verib.
Ucar rayon sakini, 1998-ci il təvəllüdlü Əfsən həmin gün, gecə saat 03:30-da aralarında yaranmış şəxsi mübahisə zamanı əli ilə Ülvinin (adlar şərtidir – red.) alın nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.
İş üzrə ifadə verən Əfsən bildirib ki, Ülvini təxminən 2 ildir tanıyıb: “Biz birlikdə Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” ticarət mərkəzində arabaçı işləyirik. Hər zaman yaxşı münasibətlərimiz olub. Noyabrın 25-də, saat 03:30-da bazarın 6-cı sırasında mal yığan zaman Ülvi əsəbi halda yanıma gəldi və məndən arabasını götürüb-götürmədiyimi soruşdu. Mən də arabasını götürmədiyimi bildirsəm də, Ülvi məni nalayiq ifadələrlə söydü. Bu səbəbdən bir dəfə yumruqla onun alın nahiyəsinə vurdum”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


