Bakı və ölkənin bir sıra regionlarında qeydə alınan intensiv yağışlar fərdi yaşayış evləri, kommersiya obyektləri və nəqliyyat vasitələrinə ciddi ziyan vurub. Baş verən subasmalar fonunda vətəndaşları ən çox düşündürən məsələlərdən biri də dəymiş zərərin sığorta şirkətləri tərəfindən qarşılanıb-qarşılanmayacağıdır. Zərərin ödənilməsi birbaşa mövcud müqavilə şərtlərindən və hadisənin rəsmi təsnifatından asılıdır. Şirkətlərin bəzi hüquqi boşluqlardan istifadə edərək kompensasiya ödəməkdən imtina etməməsi üçün vətəndaşların sənədləşmə prosesini düzgün aparması vacib şərt hesab olunur.
Məsələ ilə bağlı sığorta eksperti İlkin Nəcəfov Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi rəsmi şəkildə baş vermiş hadisəni təbii fəlakət kimi qeydə alırsa və həmin risklər sığorta müqaviləsində ayrıca göstərilibsə, bu zaman kasko sığortası çərçivəsində təminat tətbiq oluna bilər:
“Buraya qasırğa, sel basması, tufan, dolu, güclü külək və digər təbii hadisələr nəticəsində avtomobilə dəyən zərərlər daxildir. Yəni avtomobil sahibi kasko sığortası bağlayarkən müqavilədə təbii fəlakət riskləri də əhatə olunubsa, belə hallarda sığorta şirkəti dəymiş zərərin qarşılanmasını həyata keçirir. Məsələn, sel nəticəsində avtomobilin mühərrikinə su dolması, ağac aşaraq maşına zərər vurması, dolu nəticəsində кузов hissəsinin zədələnməsi və ya güclü külək səbəbindən avtomobilə ziyan dəyməsi kasko təminatına daxil edilə bilər. Amma icbari avtomobil sığortasında vəziyyət fərqlidir. İcbari sığorta əsasən üçüncü şəxslərə vurulan zərərin qarşılanması üçün nəzərdə tutulub və təbii fəlakətlər nəticəsində avtomobil sahibinin öz nəqliyyat vasitəsinə dəyən zərərləri əhatə etmir. Yəni sel, qasırğa və ya digər təbii hadisələr zamanı avtomobilə zərər dəyərsə, icbari sığorta üzrə ödəniş verilmir. Bu səbəbdən xüsusilə son illər iqlim dəyişiklikləri fonunda baş verən güclü yağışlar, sel və digər ekstremal hava hadisələri nəzərə alınaraq, sürücülərin kasko sığortasına marağı artır. Çünki belə hallarda maliyyə yükünün qarşılanması üçün əsas təminat mexanizmi məhz kasko sığortası hesab olunur”.
Leyla Turan Demokrat.az


