Fincan forması ilə hazırlanan xırtıldayan börek dadı və fərqli görünüşü ilə çay vaxtının ən çox bəyənilən təamları sırasındadır. Hazır yuxadan qısa müddətdə hazırlanan bu təam xüsusilə qonaq süfrələri üçün cəlbedici seçim hesab olunur. Zövqdən asılı olaraq, içliyi pendirli, qiyməli və ya kartoflu hazırlamaq mümkündür.
Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə məşhurlaşan bu un məmulatını ev şəraitində asanlıqla hazırlamaq üçün lazım olan ərzaqlar və qaydası aşağıdakı kimidir.
Lazım olan ərzaqlar:
3 ədəd hazır yuxa 1 çay stəkanı duru yağ 1 çay stəkanı süd
İçlik üçün:
200 qram ağ pendir Yarım dəstə cəfəri
Üzü üçün:
1 ədəd yumurta sarısı Küncüt və ya çörəkotu
Hazırlanma qaydası: Geniş qabda duru yağ və süd qarışdırılır. Yuxalar masanın üzərinə sərilir və hazırlanan sous yuxaların hər tərəfinə çəkilir.
Yuxalar dörd hissəyə bölünür. Hər parçanın geniş hissəsinə xırdalanmış pendir və doğranmış cəfəri qarışığı qoyulur, fincan köməyilə forma verilərək bükülür. Hazırlanan böreklər yağlı kağız sərilmiş listə düzülür.
Üzərinə yumurta sarısı çəkilir, küncüt və ya çörəkotu səpilir. Əvvəlcədən 180°C dərəcədə qızdırılmış sobada üzəri qızarana qədər, təxminən 25 dəqiqə bişirilir.
Jalə Demokrat.az


