Yaxın Şərqdə artan gərginlik və xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklər qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına verdiyi müsahibədə deyib ki, Azərbaycan uzun illərdir həyata keçirdiyi şaxələndirilmiş enerji və nəqliyyat siyasəti sayəsində bu böhranın təsirlərinə qarşı daha dayanıqlı mövqedədir. Dövlət başçısı hesab edir ki, böhrandan sonra bir çox ölkə enerji marşrutlarını yenidən nəzərdən keçirəcək və bu prosesdə Azərbaycanın strateji əhəmiyyəti daha da arta bilər.
Bu barədə Demokrat.az-a açıqlama verənmillət vəkili Vüqar Bayramov deyib ki, ölkə başçısının “EuroNews” kanalına verdiyi müsahibəsində də qeyd etdiyi kimi, Azərbaycan hazırda regionun enerji təhlükəsizliyinə ən çox töhfə verən ölkələrdən biridir:
“Artıq Azərbaycan 16 ölkəyə təbii qaz nəql edir. Həmin ölkələrdən 10-u Avropa İttifaqına üzvdür, digər iki ölkə isə Avropada yerləşir. Eyni zamanda, Azərbaycan qazını almaq istəyən ölkələrin sayında da artım müşahidə olunur. Bu isə Azərbaycan təbii qazına tələbin yüksəldiyini göstərir. Gözləntilərə görə, yaxın dövrdə Azərbaycan daha çox ölkəyə təbii qaz ixrac edə biləcək. Xüsusilə Çexiya Respublikası da daxil olmaqla, bir sıra dövlətlər Azərbaycan qazını almaqda maraqlı olduqlarını bəyan ediblər. Bütün bunlar Azərbaycanın regionun enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir”.
Vüqar Bayramovqeyd edib ki, bununla yanaşı, ölkənin geosiyasi mövqeyinə də birbaşa təsir göstərir:
“Azərbaycan artıq bölgədə nizam və əməkdaşlıq mühitinin formalaşmasında mühüm rol oynayan ölkəyə çevrilib. Daha çox dövlətin enerji təhlükəsizliyinə töhfə vermək isə həm ölkənin gəlirlərinin artmasına, həm də beynəlxalq nüfuzunun güclənməsinə xidmət edir. Hazırda Azərbaycan praktiki olaraq regionun orta güc dövlətlərindən biri hesab olunur. Bu baxımdan enerji sahəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq”.
Qısaca, Yaxın Şərqdəki gərginlik fonunda qlobal güclər yeni alternativ enerji yolları axtarır və Azərbaycanın həm neft-qaz kəmərləri, həm də coğrafi mövqeyi ölkəmizi Avropanın əsas tərəfdaşına çevirir.
Leyla Turan Demokrat.az


