Gündəlik həyatın tələsikliyi səbəbindən bir çox insan bişmiş yeməyi tez soyutmaq üçün onu hələ isti ikən soyuducuya yerləşdirir. Lakin mütəxəssislər bildirirlər ki, bu davranış bir sıra risklər yarada bilər.
İsti yemək soyuducuya qoyulduqda, onun verdiyi istilik cihazın daxili temperatur balansını poza bilər. Bu isə yalnız həmin yeməyin saxlanma şəraitinə deyil, soyuducuda olan digər məhsullara da təsir edir. Süd, ət, tərəvəz kimi tez xarab olan qidalar temperaturun dəyişməsi nəticəsində təhlükəsizliyini itirə bilər. Belə şərait bakteriyaların daha sürətli çoxalmasına da şərait yaradır.
Mütəxəssislərin vurğuladığı əsas məqamlardan biri odur ki, bakteriyalar müəyyən temperatur aralığında daha aktiv inkişaf edir. İsti qazan soyuducuya qoyulduqda yeməyin üst hissəsi tez soyusa da, iç hissəsi uzun müddət isti qalır və bu da bakteriya yaranması riskini artırır.
Bundan başqa, isti yemək soyuducunun iş rejiminə də mənfi təsir göstərir. Cihaz temperaturu normaya salmaq üçün daha çox işləyir, bu isə həm elektrik sərfiyyatını artırır, həm də kompressorun yüklənməsinə səbəb olur. Uzun müddətdə bu, soyuducunun ömrünü qısalda bilər.
İsti yeməkdən çıxan buxar da əlavə problem yaradır. O, soyuducunun soyuq səthlərində kondensasiya olub su damcıları əmələ gətirir və bu da məhsulların daha tez xarab olmasına, eləcə də buzlanma və rütubət problemlərinə səbəb ola bilər.
Demokrat.az


