Gündəlik həyatda insanlar fərqli hüquqi proseslərlə qarşılaşırlar, lakin çox vaxt öz qanuni haqlarından tam məlumatlı olmurlar. Bu məlumatsızlıq əmək münasibətləri, istehlakçı haqları və şəxsi məlumatların toxunulmazlığı kimi sahələrdə pozuntuların adi hal alması ilə nəticələnir. Belə vəziyyətdə cəmiyyətin hüquqi savadlılığının artırılması və qanunun verdiyi imkanlardan düzgün yararlanmaq məsələsi ön plana çıxır.
Məsələnin hüquqi tərəfləri barədə Demokrat.az-a danışan vəkil Fuad Məmmədov bildirib ki, Azərbaycanda vətəndaşların tez-tez rastlaşdığı, lakin bəzən fərqinə varmadığı hüquq pozuntularına inzibati hüquq pozuntuları, qeyri-formal məşğulluq və ekoloji hüquqların pozulması daxildir:
“Bununla yanaşı, mənzil və sosial təminat hüquqlarının pozulması, habelə ictimai asayişin pozulması halları da geniş yayılıb. Bu hallar gündəlik həyatda geniş yayılıb. Lakin bir çox vətəndaş bu pozuntuların hüquqi mahiyyətini tam dərk etmir. Bu hüquq pozuntularının qarşısının alınması və vətəndaşların hüquqi biliklərinin artırılması üçün dövlət orqanları, qeyri-hökumət təşkilatları və media arasında əməkdaşlıq vacibdir. Hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi və sosial reklamların yayılması mühüm rol oynayır. Eyni zamanda, təhsil müəssisələrində hüquqi tədrisin gücləndirilməsi əsas vasitələrdən biri hesab olunur. Hüquqi maarifləndirmənin səmərəliliyinin artırılması məqsədilə ixtisaslaşmış insan hüquqları mərkəzlərinin yaradılması vacibdir”.
O qeyd edib ki, əhalinin hüquq düşüncəsinin inkişaf etdirilməsi də mühüm istiqamətlərdən biridir:
“Bu məsələlər dövlət proqramlarında xüsusi yer tutmalıdır. Eyni zamanda, ictimai asayişin qorunmasında və hüquqi maarifləndirmədə vətəndaşların iştirakı nəzərdə tutulur. Polis orqanları ilə birgə təbliğat işlərinin aparılması qanunvericilikdə təsbit edilib. Bu əməkdaşlıq praktiki nəticələrin əldə olunmasına xidmət edir. Qeyri-formal məşğulluğun qarşısının alınması da mühüm məsələlərdəndir. Bu sahədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi qanunvericiliklə tənzimlənir. Müvafiq nəzarət orqanları tərəfindən bu prosesə nəzarət edilir. Bu tədbirlər vətəndaşların hüquqlarının müdafiəsi baxımından böyük əhəmiyyət daşıyır. Hüquq pozuntularının profilaktikasında mühüm rol oynayır. Praktik nəticələr baxımından da bu yanaşma effektiv hesab olunur”.
Leyla Turan Demokrat.az


