Əsrlər boyu dünya dəyişdi. Xəritələr yenidən cızıldı, imperiyalar dağıldı, yeni güclər meydana çıxdı. İnsanlıq elm və texnologiyada böyük inkişaf yolu keçdi. Amma bütün bu dəyişikliklərə baxmayaraq, bəşəriyyətin ən böyük arzusu dəyişmədi - sülh içində yaşamaq. Müharibələrin insan talelərində açdığı yaraları tarixin bütün dövrlərində görə bilərik. Bir zamanlar qılınclarla aparılan savaşlar bu gün daha dağıdıcı silahlarla davam edir. Müasir dünyanın texnoloji inkişafı insan həyatını asanlaşdırsa da, münaqişələr və geosiyasi qarşıdurmalar planetin müxtəlif nöqtələrində hələ də insanları qorxu içində yaşamağa məcbur edir. Ukraynadan Yaxın Şərqə qədər uzanan gərginliklər və müharibələr bir daha göstərir ki, ən ağır nəticələri yenə də sadə insanlar yaşayır. Bu gün dünya sülhə hər zamankından daha çox ehtiyac duyur. İnsanlar artıq qarşıdurmadan deyil, sabitlikdən danışmaq istəyirlər. Çünki müharibələr yalnız şəhərləri dağıtmır, eyni zamanda insanların gələcəyə olan inamını da sarsıdır. Müharibə fonunda böyüyən uşaqlar, doğma yurdunu tərk etməyə məcbur qalan ailələr, yaxınlarını itirən insanlar - bütün bunlar bəşəriyyətin ortaq faciəsidir. Azərbaycan isə sülhün dəyərini ən yaxşı anlayan ölkələrdən biridir. Çünki bu xalq müharibənin ağrısını kitablardan yox, öz taleyindən öyrənib. Bu torpaqda sülh sadəcə siyasi termin deyil, anaların duası, uşaqların arzusu, illərlə yurd həsrəti çəkən insanların nəfəsidir. Sülh istəyən - səngərdə düşmən gülləsini yara-yara irəli gedib üçrəngli bayrağı Cıdır Düzündə dalğalandırmaq istəyən Azərbaycan əsgəridir. Çünki o əsgər savaşın içindən keçsə də, gələcək nəsillərin savaş görməməsini istəyir. Sülh istəyən - “Vətən sağ olsun” deyib övladını cəbhəyə göndərən atadır. Çünki o ata bilir ki, ən ağır itki gələcəyini itirməkdir. Sülh istəyən - əlinə qələmi yeni alan, məktəbdə “Mən sülh istəyirəm” cümləsini yazan balaca fidanlardır. Çünki uşaqların yaddaşında mərmi səsləri yox, həyatın sevinci qalmalıdır. Sülh istəyən - illərlə yol gözləyən, şəhid xəbərini qürurla və göz yaşları ilə qarşılayan Azərbaycan anasıdır. Çünki o ana müharibənin nə demək olduğunu hamıdan yaxşı bilir. Sülh istəyən - heç vaxt görmədiyi torpağın həsrəti ilə böyüyən, amma bu gün ailə başçısı olub öz övladının qorxu ilə deyil, təhlükəsizlik içində yaşamasını istəyən keçmiş məcburi köçkündür.
Sülh istəyən - ayağında köhnə, yamaq vurulmuş ayaqqabı olsa da, aldığı təqaüdü belə ordusuna, cəbhəyə göndərməkdən çəkinməyən o babadır. Çünki o baba bilir ki, ən böyük sərvət paltarın təzəliyi yox, Vətənin bütövlüyüdür.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə sülh çağırışları ilə çıxış edən, sabitlik və əməkdaşlığı prioritet kimi önə çəkən ölkələrdən biridir.
Cənubi Qafqazda sülh anlayışı ən çox Prezident İlham Əliyevin siyasi mövqeyi və təşəbbüsləri fonunda müzakirə olunur. Çünki regionun uzun illər davam edən qarşıdurmalardan sonra yeni mərhələyə keçidi məhz onun ortaya qoyduğu siyasi iradə ilə müşayiət edilir. İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayır ki, gələcəyin yolu müharibədən deyil, sülh və əməkdaşlıqdan keçir. Bu yanaşma artıq Azərbaycanın dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilib. Postmünaqişə dövründə rəsmi Bakının atdığı addımlar da göstərir ki, Prezident İlham Əliyev regionda yalnız qalib lider obrazı ilə deyil, eyni zamanda sülhün təşəbbüskarı və sabitliyin təminatçısı kimi çıxış edir. Kommunikasiyaların açılması, regional əməkdaşlıq platformalarının yaradılması, iqtisadi inteqrasiyanın təşviqi və siyasi dialoq çağırışları onun bölgədə davamlı əmin-amanlıq yaratmaq niyyətinin praktik ifadəsi kimi qiymətləndirilir. Bu gün bir çox siyasi müşahidəçilər İlham Əliyevin siyasi xəttini Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsas dayaqlarından biri hesab edirlər. Çünki o, regionun gələcəyini revanşizm və qarşıdurmada deyil, qarşılıqlı maraqlara söykənən sülh mühitində görür. Məhz buna görə də İlham Əliyev artıq təkcə Azərbaycanın lideri kimi deyil, regionda sülhün siyasi memarlarından biri kimi xarakterizə olunur. Və bütün bu mənzərə bir həqiqəti yenidən xatırladır: dünya dəyişsə də, insanın içindəki ən saf arzu dəyişmir. Müharibələr nə qədər səs-küylü, dağıdıcı və amansız olsa da, sonda qalib gəlmək istəyən tək bir istək var - sülh. Çünki sülh təkcə silahların susması deyil, qəlblərin rahatlamasıdır. Sülh uşağın qorxmadan yuxuya getməsi, ananın rahatlıqla xəbər gözləməsi, atanın sabaha ümidlə baxmasıdır. Və bəlkə də insanlıq tarixinin ən böyük dərsi budur ki, güc dağıtmaqda deyil, qurmaq və qorumaqdadır. Qələbə məhv etməkdə deyil, yaşatmaqdadır. Ona görə də hər dövrün sonunda yenə eyni söz qalır - sülh varsa, həyat var. Jalə Məmmədova Demokrat.az


