İqtisadiyyat Özəl

Gecikməsi olanların nəzərinə! — Kredit müqaviləsindəki gizli bəndlər

Gecikməsi olanların nəzərinə! — Kredit müqaviləsindəki gizli bəndlər

Bank kreditləri üzrə gecikmələrə görə hesablanan əlavə faizlər və cərimələr borcalanlar üçün ciddi maliyyə yükünə çevrilir. Bu məsələnin hüquqi tərəfi və bankların tətbiq etdiyi qaydalar vətəndaşlar tərəfindən tez-tez sual doğurur. Əsas məsələ isə ondan ibarətdir ki, əlavə faizlərin hesablanması hansı hallarda qanuni sayılır və bu yanaşma borcalanların maliyyə vəziyyətinə necə təsir göstərir.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, əlavə faiz yalnız həmin şərt kredit müqaviləsində açıq şəkildə göstərildiyi halda tətbiq oluna bilər.

"Əks halda bu cür əlavələrin hesablanması qanunvericiliyə zidd sayılır. Yəni kredit təşkilatı sonradan birtərəfli qaydada yeni şərtlər müəyyən edib müştərinin üzərinə əlavə maliyyə yükü qoya bilməz. Əlavə faiz və ya cərimə əsasən müştərinin ödəniş qrafikini pozduğu, yəni aylıq ödənişləri müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirmədiyi hallarda tətbiq edilir. Bu zaman gecikməyə görə cərimə faizinin hesablanması bank-maliyyə praktikasında normal hesab olunur və hüquqi baxımdan da müqavilə ilə tənzimlənir".

Ekspert bildirib ki, əvvəlcədən razılaşdırılmış faiz dərəcəsindən əlavə, müqavilədə öz əksini tapmayan daha yüksək faizlərin tətbiqi yolverilməzdir.

"Burada əsas hüquqi meyar müqavilədə göstərilən şərtlər və tərəflərin əvvəlcədən verdiyi razılıqdır. Bundan başqa, kreditlər üzrə müxtəlif xidmət haqları və komissiyalar da mövcud ola bilər. Ancaq müştəri kredit rəsmiləşdirilən zaman bu ödənişlər barədə tam və aydın şəkildə məlumatlandırılmalıdır. Hansı komissiyanın hansı xidmətə görə tutulduğu müqavilədə və kredit sənədlərində açıq formada qeyd edilməlidir".

Xalid Kərimli vurğulayıb ki, kreditlər üzrə müxtəlif xidmət haqları və komissiyalar müştəri tərəfindən tam bilinməlidir. Hansı komissiyanın hansı xidmətə görə tutulduğu həm müqavilədə, həm də kredit sənədlərində açıq formada qeyd edilməlidir. Burada əsas hüquqi meyar tərəflərin əvvəlcədən verdiyi razılıqdır.

Yəni, banklar müqavilədə qeyd olunmayan heç bir əlavə faizi tələb edə bilməzlər, cərimələr isə yalnız vaxtında ödənilməyən borclara görə tətbiq oluna bilər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova