Dünyada müxtəlif viruslar insan sağlamlığı üçün ciddi təhlükə yaradıb və bu xəstəliklər arasında müqayisələr tez-tez gündəmə gəlir. Xüsusilə Hantavirus və COVID-19 kimi fərqli xüsusiyyətlərə malik virusların yayılma sürəti, yoluxuculuq dərəcəsi və ölüm riski cəmiyyət üçün mühüm suallar doğurur. Bu baxımdan, onların təhlükəlilik səviyyəsinin necə fərqləndiyini anlamaq həm ictimai maarifləndirmə, həm də profilaktik tədbirlər üçün vacib əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı professor Adil Qeybulla Demokrat.az-a bildirib ki, Hantavirusu COVID-19 ilə müqayisə etmək düzgün deyil:
"Bunlar fərqli xüsusiyyətlərə və davranışa malik viruslardır. Hantavirus daha çox gəmiricilərdə yayılır, xüsusilə də maral siçanlarında. Bu heyvanlar virusun təbii rezervuarı hesab olunur və əsasən Şimali və Cənubi Amerikada geniş yayılıb. Onlar müxtəlif məkanlarda, o cümlədən zirzəmilərdə və insan məskənlərinə yaxın ərazilərdə yaşaya bilirlər. Hantavirus insana əsasən yoluxmuş gəmiricilərlə təmas zamanı keçir və ağır xəstəlik yarada bilər. Bu zaman hemorragik qızdırma, böyrək sindromu, bəzi hallarda isə kardiopulmonal, yəni ürək və ağciyərləri əhatə edən ciddi ağırlaşmalar inkişaf edə bilər".
O bildirib ki, pandemiya yaratmaq baxımından bu virusların potensialı onların yoluxuculuq səviyyəsindən asılıdır:
"COVID-19 kimi yüksək yoluxuculuğa malik viruslar geniş yayılma və pandemiya riski daşıyır. Yoluxuculuğu aşağı olan viruslarda isə belə genişmiqyaslı yayılma ehtimalı nisbətən az olur. Bununla belə, hantavirusu diqqətdən kənarda saxlamaq olmaz. Yoluxma halları az olsa belə, ölüm riski yüksəkdir və bu səbəbdən profilaktik tədbirlər vacibdir. Xüsusilə kruiz gəmilərində, səyahətlərdə və gəmiricilərin ola biləcəyi yerlərdə insanlar daha diqqətli olmalıdırlar. Risk əsasən maral siçanları ilə bağlıdır. Onların dişləməsi, eləcə də ağız suyu, sidiyi və nəcisi ilə çirklənmiş qida və ya səthlərlə təmas təhlükəlidir. Şəhərlərdə rast gəlinən adi siçanlar və iri siçovullar isə bu virusun əsas daşıyıcıları hesab edilmir.
Xəstəliyin ölüm riski yüksəkdir və bəzi hallarda göstəricilər 70 faizə qədər yüksələ bilər, orta ölüm faizi isə təxminən 38 faiz civarındadır. Bu da virusun ciddi və təhlükəli olduğunu göstərir",- deyə o qeyd edib.
Əfsanə Kamal Demokrat.az


