Bakının Suraxanı rayonunda ailə daxilində yaşanan gərginlik məhkəmə müstəvisinə qədər uzanıb. Hadisə Binə qəsəbəsində, qadının valideynlərinə məxsus evin həyətində baş verib.
Demokrat.az xəbər verir ki, Cəlilabad sakini olan 24 yaşlı Arif (ad şərtidir) həyat yoldaşının öz evinə qayıtmayıb atasının yanında qalmasından narazı qalıb. Gecə saatlarında qayınatasının evinə gələn gənc burada arvadı ilə qarşılaşıb və tərəflər arasında kəskin mübahisə yaranıb. Hirsini boğa bilməyən şəxs qadına qarşı fiziki güc tətbiq edərək ona xəsarətlər yetirib.
Faktla bağlı Arifin barəsində sağlamlığa az ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və ailəsi ilə yenidən barışdığını vurğulayıb. O, yaranmış narazılığı yoluna qoyduğunu və vurduğu ziyanı tam ödədiyini bildirib.
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə tərəflərin razılığa gəlməsi əsas götürülərək işə xitam verilib. Arif cinayət məsuliyyətindən azad edilərək sərbəst buraxılıb.
Fariz Məlikli Demokrat.az


