Cəlilabad rayonunda məktəblilərin davası qanlı sonluqla bitib.
Hadisə mayın 8-i axşam saatlarında Uzuntəpə kəndində qeydə alınıb. Məlumata görə, kənd orta məktəbinin 5-ci və 9-cu sinif şagirdləri arasında yaranan mübahisə zamanı böyük sinif şagirdi azyaşlıya xəsarət yetirib. Övladının döyüldüyünü öyrənən İlqar Quliyev məsələni aydınlaşdırmaq üçün digər şagirdin atası Nicat Cəbiyevin evinə gedib.
Valideynlərin söhbəti qısa müddətdə münaqişəyə çevrilib. N.Cəbiyev mətbəx bıçağı ilə İ.Quliyevə çoxsaylı zərbələr endirib. Ətrafdakıların müdaxiləsi ilə dava dayandırılıb və ağır yaralanan ata Cəlilabad Mərkəzi Xəstəxanasına çatdırılıb. Təcili əməliyyat olunan yaralının vəziyyəti ağır qiymətləndirilir.
Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən N.Cəbiyevi saxlayaraq istintaqa cəlb ediblər. Faktla bağlı araşdırmalar davam edir.(oxu.az)
Demokrat.az


