Qlobal maliyyə bazarlarında investorların diqqəti yenidən qızılın qiymətindəki dalğalanmalara yönəlib. Son günlər qiymətli metalın dəyərində müşahidə olunan cüzi azalma bazarlarda müəyyən suallar doğursa da, ekspertlər bunun böyük prosesin kiçik hissəsi olduğunu düşünürlər.
Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda qızılın dünya birjalarında qiymətləri əsasən iyun fyuçersləri üzrə formalaşır:

Razi Abbasbəyli qeyd edib ki, ABŞ ilə İran arasında danışıqlar prosesinin başlanması və müəyyən razılaşma ehtimalları qızılın qiymətinə qısamüddətli təsir göstərib və cüzi ucuzlaşmaya səbəb olub:
“Lakin bu proseslərin tam nəticələnməməsi və geosiyasi risklərin qalması bazarlarda qeyri-müəyyənliyi davam etdirir. Xüsusilə enerji təminatı, logistika zəncirləri və Asiyanın böyük bazarlarında yaranan problemlər qlobal iqtisadi sabitliyə təsir göstərməkdədir. Bu faktorlar qızılın uzunmüddətli perspektivdə yenidən bahalaşmasını dəstəkləyən əsas amillər kimi qiymətləndirilir. Bundan əlavə, bəzi ölkələrin, xüsusilə hərbi sənaye və strateji ehtiyatlarını gücləndirən Avropa dövlətlərinin qızıl alışını artırması da tələbin yüksəlməsinə səbəb olur. Qızıl idxalının artması isə qiymətlərin yüksəlməsi üçün əlavə stimul yaradır. Hazırkı ucuzlaşma epizodik və müvəqqəti xarakter daşıyır. Ümumi tendensiya isə qızılın orta və uzunmüddətli dövrdə bahalaşmağa davam edəcəyini göstərir”.
Nyu-Yorkun COMEX birjasında qeydə alınan 0,2 faizlik eniş investorların mənfəət əldə etmək üçün həyata keçirdiyi satışlarla bağlıdır. Hazırda qızılın bir unsiyasının qiyməti 4 620 dollardan bir qədər yuxarı səviyyədə qərarlaşıb. Maliyyə institutlarının faiz dərəcələri ilə bağlı yeni planları qızıl üzərində müvəqqəti təzyiq yaratsa da, mütəxəssislər iqtisadi qeyri-sabitlik dövründə kapitalın yenidən bu metalda cəmləşəcəyini proqnozlaşdırırlar. Logistika və enerji sahəsindəki çətinliklər də qızılın qiymətini yuxarı çəkən görünməz amillər arasındadır.
Qısası, qızılın qiymətindəki indiki kiçik ucuzlaşma ciddi deyil, dünyadakı müharibə və iqtisadi risklər qızılın yenidən bahalaşmasına səbəb olacaq.
Leyla Turan Demokrat.az


