İqtisadiyyat Özəl

Bu rayonlarda torpaq almaq çətinləşir — Qiymətlər kəskin artdı

Bu rayonlarda torpaq almaq çətinləşir — Qiymətlər kəskin artdı

Daşınmaz əmlak bazarında regionlar üzrə qiymət dinamikasında fərqli tendensiyalar müşahidə olunur. Tələbat və qiymət artımı əsasən şəhər mərkəzinə yaxınlıq, infrastrukturun inkişaf səviyyəsi və iqtisadi aktivliklə əlaqələndirilir. Turizm potensialı yüksək olan bölgələrdə isə bu artım daha sürətli şəkildə özünü göstərir.

Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov Demokrat.az-a bildirib ki, regionlar dedikdə Azərbaycanın Bakıdan kənarda yerləşən bütün əraziləri nəzərdə tutulur:

"Ümumilikdə ölkənin regionları geniş coğrafiyanı əhatə edir. Son illərdə Abşeron yarımadasında daşınmaz əmlakın qiymətləri digər regionlarla müqayisədə daha çox artıb. Tələbat da əsasən Bakı ətrafı ərazilərdə daha yüksəkdir. Regionlar arasında ikinci yerdə Gəncə şəhəri dayanır və bu gün ölkənin ən böyük şəhərlərindən biri hesab olunur. Regionlarda torpaq və daşınmaz əmlak qiymətləri fərqli formada formalaşır. Böyük şəhərlərin daxilində və onların ətrafında yerləşən əmlaklara tələbat daha çoxdur. Xüsusilə yeni salınan yaşayış massivlərində qiymətlər daha yüksək olur. İnfrastrukturun yaxşı inkişaf etdiyi ərazilərdə isə daşınmaz əmlakın dəyəri daha da artır".

Ekspert deyib ki, ikinci seqmenti qəsəbələr təşkil edir:

"İnkişaf edən qəsəbələrdə infrastruktur, şəhər mərkəzinə yaxınlıq, ticarət və sənaye obyektlərinə çıxış mühüm rol oynayır. Bu ərazilərdə tələbat orta səviyyədə olur və qiymətlər nisbətən əlçatan sayılır. Növbəti seqment kənd əraziləridir. Burada tələbat ümumilikdə daha aşağıdır. Lakin inkişaf edən böyük kəndlər və xüsusilə turizm zonaları istisna təşkil edir. Turizm inkişaf etmiş bölgələrdə, məsələn, İsmayıllı və Qəbələdə tələbat daha yüksəkdir və qiymətlər sürətlə artır.

Cənub bölgəsində Lənkəran və Astara da inkişaf edən zonalar kimi seçilir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Şuşa, Xankəndi və Ağdamda da aktiv inkişaf və qiymət artımı müşahidə olunur. Ümumilikdə regionlarda qiymətlərə əsas təsir edən amillər infrastrukturun səviyyəsi, şəhər mərkəzinə yaxınlıq və turizmin inkişafıdır. Bu amillər gücləndikcə həm tələbat, həm də qiymətlər artır",- deyə o qeyd edib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova