Avto Özəl

İkinci əl Audi almaq istəyənlərin nəzərinə!

İkinci əl Audi almaq istəyənlərin nəzərinə!

İkinci əl lüks avtomobil bazarında BMW və "Audi" arasındakı rəqabət 100 min kilometrlik yürüşdən sonra tam fərqli müstəviyə keçir. Bu məsafədən sonra markanın imici deyil, konkret mühərrik, sürətlər qutusu və texniki qulluq tarixçəsi ön plana çıxır.

Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, son illərin uğurlu modelləri nəzərə alındıqda, BMW ikinci əl bazarında daha etibarlı seçim təsir bağışlayır. Beynəlxalq araşdırmalar da bunu təsdiqləyir.

Məsələn, "J.D. Power"in 2025-ci il hesabatına görə, hər 100 avtomobilə düşən problem sayında BMW (189 xal) rəqibi "Audi"ni (273 xal) xeyli geridə qoyub. 2026-cı ilin reytinqlərində də BMW-nin üstünlüyü qorunur. Hazırda lüks seqmentdə əsas problemlər mühərrikdən çox, elektronika və proqram təminatı ilə bağlıdır ki, bu da 100 min kilometrdən sonra bahalı təmir riskini artırır.

BMW üçün ən ideal variant B48 və B58 benzin mühərriklərinin klassik "ZF 8HP" avtomat sürətlər qutusu ilə birgə çalışdığı modellərdir. B48 mühərriki 2016-cı ildən bəri markanın ən uğurlu aqreqatlarından biri sayılır. Altısilindrli B58 isə daha güclüdür, lakin onun saxlanması və vergiləri daha baha başa gəlir.

İkinci əl Audi almaq istəyənlərin nəzərinə!

"Audi" cəbhəsində isə vəziyyət bir qədər fərqlidir. Müasir "TFSI" mühərrikləri və "S tronic" ötürücü qutuları əvvəlki illərə nisbətən daha dözümlü olsa da, 100 min kilometrdən sonra yağ dəyişmə aralıqları, turbin və mufta sisteminin vəziyyəti həlledici rol oynayır. Xüsusilə Q5 kimi krossoverlərdə bu yürüşdən sonra asqı sistemi və bahalı diaqnostika tələb edən elektron modullarda problemlər yarana bilər.

Yekun seçim zamanı yadda saxlamaq lazımdır ki, yaxşı qulluq edilmiş "Audi" baxımsız qalmış BMW-dən hər zaman üstündür. Lakin ümumi statistikaya görə, BMW-nin mühərrik və sürətlər qutusu kombinasiyası ikinci əl bazarında daha proqnozlaşdırıla biləndir.

Yəni, 100 min kilometr yürüşü keçmiş ikinci əl avtomobil alarkən brendə deyil, mühərriklə sürətlər qutusunun vəziyyətinə baxmaq lazımdır. Statistik olaraq BMW-nin bəzi mühərrik tipləri bu məsafədən sonra "Audi"yə nisbətən daha az problem çıxarır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova