Süni intellektin mükəmməllikdən uzaq, insan tərəfindən təsadüfən çəkilmiş kimi görünən görüntüləri hər kəsi heyrətə gətirib. Rəqəmsal dünyanın bu yeni trendi texnologiyanın nə dərəcədə "insanlaşdığını" bir daha sübut edir.
Demokrat.az xəbər verir ki, sosial media istifadəçiləri ChatGPT-yə verdikləri qəribə tapşırıqla gündəmi alt-üst ediblər. İstifadəçilər süni intellektdən qüsursuz şəkillər deyil, əksinə, sanki cibdən çıxarılarkən təsadüfən çəkilmiş, kadrı pozulmuş və işığı düzgün düşməyən fotolar istəyiblər. Nəticə isə gözləniləndən daha real alınıb. Süni zəka hərəkət zamanı yaranan bulantıları, qeyri-peşəkar bucaqları və işıq parlamalarını elə dəqiqliklə əks etdirib ki, fotoları real insan çəkilişindən ayırmaq demək olar ki, qeyri-mümkündür.
İzləyicilər bu görüntüləri "qorxulu dərəcədə insani" adlandıraraq texnologiyanın çatdığı nöqtəyə diqqət çəkiblər. İndiyə qədər yalnız ideal və estetik nəticələri ilə tanınan süni intellekt, artıq həyatın təbii qüsurlarını da təqlid edə bilir. Bu hadisə rəqəmsal aləmdə estetik qaydaların dəyişdiyini və təbiiliyin ön plana çıxdığını göstərir. Beləliklə, robotların yalnız hesablama deyil, həm də gündəlik həyatın dağınıq anlarını anlamaq qabiliyyəti müzakirə mövzusuna çevrilib.
Nümunə prompt:
“ChatGPT, bir müddətdir mənimləsən və necə göründüyünü bilmək istəyirəm. Özünün, adi iPhone çəkilişi kimi görünən fotosunu yarat: konkret mövzu olmasın, kompozisiya düşünülməsin. Kadraj dağınıq, işıq qeyri-sabit, bir qədər artıq işıqlanma və hərəkət bulanıqlığı olsun. Sanki telefon cibdən çıxarılarkən təsadüfən çəkilmiş, real və plansız selfi kimi görünsün.”
İsmayıl Demokrat.az


