Siqaretin stressi azaltdığı fikri cəmiyyətdə geniş yayılmış, lakin elmi cəhətdən tam təsdiqlənməyən yanaşmalardan biridir. Bir çox insan emosional gərginlik zamanı siqaretə müraciət edərək rahatlama hissi əldə etdiyini düşünür. Əslində isə bu hiss nikotinin müvəqqəti təsiri ilə bağlıdır və uzunmüddətli rahatlama təmin etmir. Emosional gərginlik zamanı siqaret çəkmək orqanizmdə asılılığı daha da gücləndirir və stress dövranını artırır.
Məsələ ilə bağlı professor Adil Qeybulla Demokrat.az-a bildirib ki, siqaretin sinir sistemini sakitləşdirməsi ilə bağlı rəy siqaret çəkənlərin bəhanəsidir və bunun heç bir elmi əsası yoxdur:
"Siqaret çəkənlərdə nikotin asılılığı yaranır və onlar bundan asanlıqla əl çəkə bilmirlər. İradəsi zəif olanlar bu asılılıq səbəbindən siqaret çəkməyə davam edirlər. Siqaretin zərərlərinə gəldikdə, burada əsas risklər nikotin asılılığı və tütünün tərkibində olan benzopiren törəmələri ilə polisiklik aromatik karbohidratlardır. Bunlar xərçəng yaradan maddələrdir. Siqaret çəkən şəxslərdə xərçəng halları da daha çox müşahidə olunur və bu, əsas risk amillərindən biri hesab edilir".
Professor deyib ki, siqaret çox zərərli vərdişdir və hesab edilir ki, siqaret çəkənlərə qarşı müəyyən sosial məhdudiyyətlər olmalıdır:
"İnsanların toplaşdığı yerlərdə, şənliklərdə, nəqliyyat vasitələrində, iclaslarda və restoranlarda siqaret çəkmək qadağan edilməlidir. Həmin şəxslər yalnız açıq havada siqaret çəkməlidirlər. Bu cür sosial məhdudiyyətlər bəzi insanları bu vərdişdən imtina etməyə vadar edə bilər. Çünki siqaret həm fərdi sağlamlığa, həm də ümumi ictimai sağlamlığa ciddi ziyan vurur. Təəssüf ki, bir çox insan bu risklərin fərqində olmur", - deyə o bildirib.
Əfsanə Kamal Demokrat.az


