Siyasət Özəl

Azərbaycan-Çexiya strateji tərəfdaşlığı güclənir

Azərbaycan-Çexiya strateji tərəfdaşlığı güclənir

Azərbaycan və Çexiya arasındakı münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək hər iki ölkə üçün yeni imkanlar pəncərəsi açıb. Bu əlaqələrin təməlində dayanan qarşılıqlı etimad iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə enerji sektorunda özünü qabarıq büruzə verir. Çexiya öz xam neft ehtiyacının təxminən üçdə birini məhz Azərbaycanın hesabına təmin etməklə enerji təhlükəsizliyini möhkəmləndirir. Eyni zamanda, Azərbaycanın Avropanın enerji xəritəsindəki rolu artdıqca, Çexiya bu prosesdə rəsmi Bakının ən etibarlı tərəfdaşlarından biri kimi çıxış edir. İqtisadi müstəvidə isə Çexiya şirkətləri Azərbaycanda nəqliyyat infrastrukturunun yenilənməsi və maşınqayırma zavodlarının qurulması sahəsində fəal iştirak edirlər. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində çex texnologiyalarının tətbiqi ikitərəfli əlaqələrin yeni prioritetlərindən biridir. Kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində qurulan əməkdaşlıq ticarət dövriyyəsinin həcminin ildən-ilə artmasına ciddi təkan verir. Humanitar və təhsil sahəsindəki sıx münasibətlər isə iki xalq arasında mədəni körpülərin qurulmasına və gənc mütəxəssislərin mübadiləsinə xidmət edir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti Çexiya ilə münasibətlərin Avropa İttifaqı çərçivəsində də müsbət dinamika ilə inkişaf etməsinə şərait yaradır. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi bu münasibətlərin hüquqi və siyasi sütunlarını daha da sarsılmaz edir. Beləliklə, Azərbaycan-Çexiya tərəfdaşlığı təkcə iqtisadi mənfəət deyil, həm də regionda sülh və sabitliyin qorunmasına yönəlmiş bir model kimi qiymətləndirilir. Gələcək perspektivdə rəqəmsal iqtisadiyyat və yaşıl enerji keçidi sahəsindəki birgə layihələrin bu əlaqələri daha yüksək mərhələyə daşıyacağı gözlənilir.

Azərbaycan-Çexiya strateji tərəfdaşlığı güclənir

Bu barədə millət vəkili Vüqar Bayramov Demokrat.az-a açıqlama verib.

O deyib ki, Çexiya və Azərbaycan arasında strateji müttəfiqlik iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafına geniş imkanlar yaradır:

“Nəzərə alsaq ki, Çexiya Azərbaycandan İtaliyadan sonra neft alan ölkələr sırasında ikinci yerdədir, eyni zamanda Azərbaycanın Avropa İttifaqına ixracında dördüncü ən böyük tərəfdaşıdır, bu, iki ölkə arasında artıq formalaşmış dərin və davamlı iqtisadi münasibətlərin göstəricisidir. Azərbaycan qazının Çexiyaya nəqlinin genişlənməsi ölkənin “mavi qaz” ixrac etdiyi dövlətlərin sayının 17-yə çatmasına imkan verəcək”.

Azərbaycan-Çexiya strateji tərəfdaşlığı güclənir

O bildirib ki, bu isə Azərbaycanın enerji ixrac coğrafiyasının daha da genişlənməsi deməkdir:

“Digər tərəfdən, bu əməkdaşlıq Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsinə, eləcə də Çexiyanın enerji təchizatında diversifikasiyanın artırılmasına xidmət edir. Nəticə etibarilə, az mənbədən enerji asılılığının azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın enerji resurslarının ixrac imkanlarının genişlənməsi həm regional enerji təhlükəsizliyinə töhfə verir, həm də Çexiyanın enerji sabitliyinin təmin olunmasında vacib rol oynayır”.

Politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, Azərbaycan-Çexiya əlaqələrinin inkişafı uzunmüddətli əməkdaşlıq tarixinə əsaslanır:

“Çexiya Avropada Azərbaycanın əsas tərəfdaşlarından biri hesab olunur və enerji sahəsində mühüm alıcı ölkələrdən biridir. Mövcud göstəricilərə görə, Çexiyanın neft tələbatının təxminən 30-40 faizi Azərbaycan nefti hesabına təmin olunur ki, bu da iki ölkə arasında enerji əməkdaşlığının yüksək səviyyəsini nümayiş etdirir. Paralel olaraq digər sahələrdə də əməkdaşlıq genişlənir. Çexiyanın Baş nazirinin səfəri çərçivəsində və ondan əvvəl imzalanan mühüm sənədlərdən biri müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı olub. Çexiya bu sahədə, xüsusilə radar sistemləri və hərbi texnologiyalar üzrə güclü potensiala malik ölkələrdən biri kimi tanınır və bu təcrübənin Azərbaycanda da tətbiqi imkanları mövcuddur”.

Azərbaycan-Çexiya strateji tərəfdaşlığı güclənir

O diqqətə çatdırıb ki, rəsmi Praqanın Bakı ilə əməkdaşlığa maraq göstərməsi bu əlaqələrin perspektivini daha da artırır:

“Eyni zamanda digər istiqamətlərdə də əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Xüsusilə tarixi abidələrin bərpası sahəsində Çexiyanın təcrübəsi diqqət çəkir. Praqada tarixi irsin yüksək səviyyədə qorunması bu istiqamətdə nümunəvi model kimi qiymətləndirilir və bu sahədə çex mütəxəssislərinin Azərbaycanda da iştirak etməsi mümkündür. Bundan əlavə, enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsi mühüm prioritetlərdən biridir. Təkcə neft deyil, enerji sahəsinin digər istiqamətlərində də birgə layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar mövcuddur. Azərbaycan enerji sahəsində yeni istiqamətlərin inkişafına xüsusi önəm verir və bu prosesdə Avropa ölkələrinin, o cümlədən Çexiyanın mütəxəssis və texnoloji potensialından istifadə olunması perspektivli hesab edilir”.

Leyla Turan Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqamətində hazırlanıb.

NE
Nihadə Eyyubova