"Instagram" platformada məzmun keyfiyyətini artırmaq məqsədilə yeni bir addım atıb. Bundan sonra başqalarına məxsus paylaşımları götürüb yenidən paylaşan hesablar tövsiyə sistemində yer almayacaq. Bu tip məzmunlar nə əsas lentdə, nə də “Keşfet” bölməsində istifadəçilərə göstərilməyəcək.
Demokrat.az xəbər verir ki, əslində bu tətbiq yeni deyil. Daha əvvəl yalnız “Reels” videolarına şamil olunurdu. İndi isə əhatə dairəsi genişləndirilib və fotoşəkillər, eləcə də çoxsaylı görüntü (karusel) paylaşımları da eyni qaydaya daxil edilib.
Əsas məqsəd: Orijinal yaradıcını önə çıxarmaq
Platformanın əsas məqsədi orijinal məzmun yaradan istifadəçilərin daha çox görünməsini təmin etməkdir. Eyni paylaşımların müxtəlif hesablar tərəfindən təkrar paylaşılması orijinal müəlliflərin əməyini kölgədə qoyur.
Yeni qaydalarla kopya məzmun paylaşan hesabların əhatə dairəsi ciddi şəkildə məhdudlaşdırılacaq. Lakin istifadəçinin artıq izlədiyi hesablardan gələn paylaşımlar bu dəyişiklikdən təsirlənməyəcək.
Orijinal məzmun nə deməkdir?
"Instagram" bu anlayışı daha da dəqiqləşdirib. Əgər məzmun tamamilə istifadəçiyə məxsusdursa və ya onun şəxsi baxış bucağını əks etdirirsə, bu “orijinal” hesab olunur. Öz çəkdiyin foto və videolar, eləcə də sıfırdan hazırlanan dizaynlar bu kateqoriyaya daxildir.
Başqasına aid məzmunun istifadəsi isə tam qadağan edilmir. Əgər həmin məzmun üzərində yeni şərh, yumor və ya fərqli yanaşma yaradılırsa, bu halda orijinal hesab oluna bilər. Xüsusilə meme yaradıcılığı üçün müəyyən çeviklik saxlanılıb.
“Kiçik dəyişikliklər” kifayət deyil
Platforma bəzi sadə üsulların artıq qəbul edilməyəcəyini də bildirir. Sadəcə filiqran əlavə etmək, videonun sürətini dəyişmək və ya ekran görüntüsünü yenidən paylaşmaq orijinal məzmun sayılmayacaq.
Jalə Demokrat.az


