Sürücülərlə sığorta şirkətləri arasında baş verən mübahisələr, xüsusilə yol-nəqliyyat hadisələri ilə bağlı sonradan irəli sürülən maliyyə tələbləri cəmiyyətdə bir sıra suallar doğurur. Bəzi hallarda sürücülər hadisədən xəbərsiz olduqlarını bildirsələr də, müəyyən müddət keçdikdən sonra sığorta şirkətləri tərəfindən subroqasiya tələbi ilə üzləşirlər. Bu isə həm hüquqi prosedurların şəffaflığı, həm də vətəndaşların hüquq və öhdəlikləri baxımından aydın izaha ehtiyac yaradır. Vətəndaşın bildirdiyinə görə, təxminən 5 ay əvvəl DYP əməkdaşları tərəfindən onunla əlaqə saxlanılaraq guya idarə etdiyi avtomobillə parkinqdə başqa bir nəqliyyat vasitəsinə zərər vurduğu qeyd olunub. O, hadisə ilə bağlı video sübut tələb etsə də, hər hansı görüntü təqdim edilməyib. Vətəndaş izahatında bildirib ki, belə bir hadisə baş veribsə, bundan xəbərsiz olub və avtomobilində heç bir zədə müşahidə edilməyib. Aradan 5 ay keçdikdən sonra isə sığorta şirkəti vətəndaşla əlaqə saxlayaraq “Sığorta haqqında” qanunun 63.1-ci maddəsinə əsasən hadisə yerini tərk etdiyi iddiası ilə qarşı tərəfə ödənilmiş 210 manat məbləğin subroqasiya qaydasında ondan tələb olunduğunu bildirib.
Məsələnin hüquqi tərəfləri barədə Demokrat.az-a danışan vəkil Fuad Məmmədov bildirib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə, hadisə zamanı sürücü hadisə yerini tərk edibsə, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı ödənilmiş məbləğdə subroqasiya hüququ yaranır və bu tələb qanunidir:
“Lakin, sığortaçının bu hüququnu həyata keçirməsi üçün hadisənin baş verdiyini və sürücünün hadisə yerini tərk etdiyini təsdiqləyən sübutlar (məsələn, səlahiyyətli orqanın arayışı, məhkəmə qərarı və s.) təqdim olunmalıdır. Sübut olmadan tələb hüquqi əsasdan məhrumdur. Vətəndaş ödənişdən imtina edərsə, sığorta şirkətinin məhkəməyə müraciət etmək hüququ var və məhkəmədə vətəndaş hadisə yerini tərk etmədiyini və ya sübutların yetərsiz olduğunu əsas gətirərək müdafiə oluna bilər. Subroqasiya tələbinin hüquqi əsaslı olması üçün hadisənin və sürücünün davranışının sübutlarla təsdiqlənməsi vacibdir. Sübut təqdim edilmədikdə, tələb əsassızdır”.
Leyla Turan Demokrat.az


