May ayı üçün planlarını öncədən quranlar üçün təqvimdəki qeyri-iş günlərinin çoxluğu xüsusi diqqət çəkir. Yazın son ayı həm təhsil alanlar, həm də əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar üçün ardıcıl bayram və istirahət günləri ilə seçiləcək.
Demokrat.az xəbər verir ki, iş və təhsil qrafikində əsas dəyişikliklər rəsmi bayramlar və tətil müddətlərinin yenidən tənzimlənməsi ilə bağlıdır. Belə ki, ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qrupları və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan yaz tətilinin vaxtı dəyişdirilib. Əvvəlcə mayın 1-dən 5-dək planlaşdırılan tətil günləri ayın 18-dən 22-dək olan tarixlərə keçirilib.
Beşgünlük iş rejimi ilə çalışan vətəndaşlar üçün isə şənbə və bazar günləri ənənəvi olaraq istirahət günləri olaraq qalır. Bununla yanaşı, Faşizm üzərində Qələbə Günü – 9 mayın şənbə gününə təsadüf etməsi səbəbindən, qanunvericiliyə uyğun olaraq 11 may tarixi də qeyri-iş günü elan ediləcək.
Ayın sonuna doğru isə daha uzunmüddətli istirahət imkanları yaranır. Mayın 27-si Qurban bayramının ilk günü kimi qeyd olunacaq. Növbəti gün 28 may həm Müstəqillik Günü, həm də Qurban bayramının ikinci gününə təsadüf etdiyindən iş günlərinin yerdəyişməsi həyata keçirilib və 29 may da istirahət günləri sırasına daxil edilib.
Beləliklə, may ayı ərzində həm rəsmi bayramların, həm də iş günlərinin optimallaşdırılması nəticəsində vətəndaşlar bir neçə dəfə ardıcıl istirahət etmək imkanı əldə edəcəklər.
İsmayıl Demokrat.az


