“Məzun günü” şənliklərinin xərci sabit rəqəm deyil və təşkil olunma formasından asılı olaraq çox dəyişir. Ümumilikdə bu tədbirlərin qiyməti daha sadə formatlarda bir neçə yüz manatdan başlayaraq, daha dəbdəbəli restoran və şou proqramlarla təşkil olunduqda bir neçə min manata qədər arta bilir. Bəs, bu xərclərin formalaşmasına hansı amillər təsir edir və niyə son illərdə qiymətlərdə artım müşahidə olunur?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, məzun günü şənliklərinin təşkili, kifayət qədər xərc tələb edir.
"Əgər bu tədbir xüsusi təmtəraqla qeyd olunursa, burada minimum 300 manat, maksimum isə bir şagird başına 800–1000 manata qədər xərc çəkilə bilir. Bu xərclərə geyimlərdən tutmuş müxtəlif proqramlara qədər bütün detallar daxildir. Əvvəllər məktəblərdə məzun günlərinə musiqiçilər və ya DJ-lər dəvət olunurdu, xüsusi şou proqramlar hazırlanırdı və s. Məzun günündən sonra isə rəsmi hissə bitdikdən sonra qeyri-rəsmi hissə üçün restoranlar tutulur və tədbir orada davam etdirilirdi. Bütün bunlar isə ciddi maliyyə xərcləri yaradırdı".
Ekspert bildirib ki, bu xərclərin artmasına bəzən rəqabət və “bəhs” prinsipi də təsir edir.
"Bir sinif digərindən daha çox xərcləməyə çalışır, ya da bir məktəb özünü daha üstün göstərmək üçün daha çox xərcə gedir. Amma əslində bütün bunlar o qədər də vacib deyil. Düşünəndə, təxminən 8–10 il sonra insanların çoxunun məzun günü yadına belə düşmür. Hətta həmin tədbirdə çəkilən videoları, şəkilləri və ya vinetkaları da açıb baxmırlar. Ona görə də bu qədər əlavə xərc çəkmək düzgün hesab olunmur. Bu həm valideynlərin büdcəsinə ciddi təsir edir, həm də ümumi olaraq əlavə çətinlik yaradır. Ən doğru yol bunu daha sadə formada keçirməkdir. Universitet məzun günləri isə fərqli yanaşma tələb edir və bütün dünyada daha təmtəraqlı qeyd olunur. Lakin tam orta təhsil müəssisələrində bu qədər əlavə xərc çəkmək o qədər də vacib deyil. Bu məsələdə həm məzunlar, həm valideynlər, həm də təhsil müəssisələri eyni düşünməlidirlər".
Onun sözlərinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu barədə təhsil müəssisələrinə müvafiq təlimat göndərir.
"Təlimata əsasən, vahid məktəbli geyimi olmalı, tədbir daha sadə və təmtəraqsız şəkildə, iki saat müddətində, rəsmi və bədii hissə ilə təşkil olunmalıdır. Tədbir məktəbdə bitdikdən sonra şagirdlər istəsələr, kənar məkanlarda, məsələn restoran və ya əyləncə mərkəzlərində davam etdirə bilərlər. Lakin bu da əlavə xərc tələb etdiyi üçün ümumilikdə belə xərclərdən mümkün qədər qaçmaq daha məqsədəuyğun hesab olunur".
Əfsanə Kamal Demokrat.az


