İqtisadiyyat Özəl

Əvvəl 5 dənəsi 1 manat idi, indi isə... — Bu məhsul 3 dəfə bahalaşdı

Əvvəl 5 dənəsi 1 manat idi, indi isə... — Bu məhsul 3 dəfə bahalaşdı

Son dövrlərdə bazarlarda meyvə-tərəvəzin qiymətində ciddi artım müşahidə olunur və bu artım gündəlik alış-veriş edən vətəndaşların diqqətindən yayınmır. Xüsusilə əvvəllər daha münasib qiymətə satılan limonun bahalaşması alıcılar arasında narazılıq yaradır. Bir zamanlar 5-6 ədədini 1 manata almaq mümkün idisə, indi cəmi 3 ədədinin 2 manata təklif olunması suallar doğurur.

Bəs limonun qiymətinin bu qədər artmasına səbəb nədir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında deyib ki, limon qiymətlərinin artmasının əsas səbəblərindən biri Azərbaycanın bu məhsulla özünü tam təmin edə bilməməsidir:

“Ölkəyə limonun böyük hissəsi Türkiyədən, qismən isə İrandan idxal olunur. Son dövrlərdə yaranmış logistika problemləri və risklər daşınma xərclərini artırdığı üçün bazarda bahalaşma müşahidə olunur. Digər mühüm amil limonun mövsümi məhsul olmasıdır. Sitrus meyvəsi kimi limonun əsas yığım dövrü payız və qış aylarına təsadüf edir. Hazırkı mərhələdə isə bazara əsasən soyuducu anbarlarda saxlanılan məhsullar çıxarılır. Bu isə tələbatın tam ödənilməsinə imkan vermir və nəticədə qiymətlərə təsir göstərir. Bundan əlavə, son dövrlərdə sağlamlıqla bağlı tendensiyalar da limona olan tələbatı artırıb”.

O qeyd edib ki, televiziya və mətbuatda müxtəlif xəstəliklərin qarşısının alınması, immunitetin gücləndirilməsi, həmçinin arıqlama prosesində “Vitamin C”nin əhəmiyyəti tez-tez vurğulanır:

“Bu vitamin isə sitrus məhsullarında, xüsusilə limonda bol miqdarda mövcuddur. Nəticədə istehlak artımı da qaçılmaz olur. Ümumilikdə, idxal və logistika xərclərinin yüksəlməsi, mövsümi amillər və sağlamlıqla bağlı artan maraq limon bazarında qiymət artımını şərtləndirən əsas faktorlar kimi çıxış edir. Hətta 20 il əvvəlki dövrlə müqayisədə bu gün limon istehlakının dəfələrlə artdığı müşahidə olunur ki, bu da bazardakı qiymət dinamikasına birbaşa təsir göstərir".

Yəni, limonun qiymətinin artması onun həm xaricdən baha gətirilməsi, həm də insanların sağlamlıq məqsədilə bu meyvəni əvvəlki illərə nisbətən daha çox alması ilə bağlıdır.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova