Gələn ildən şagirdləri xarici dil imtahanında tamamilə yeni format və fərqli tapşırıqlar gözləyir. İmtahan modelində edilən bu dəyişiklik şagirdlərin həm yazı, həm də anlama bacarıqlarını daha dərindən yoxlamağa xidmət edəcək.
Demokrat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Könül Hacıyeva yeni qiymətləndirmə yanaşmalarına həsr olunmuş tədbirdə çıxış edərkən deyib. Onun sözlərinə görə, 2027-ci ildən tətbiq ediləcək yeni modeldə ən böyük yenilik yazı işinin, yəni esseninin əlavə olunmasıdır. Ümumilikdə 26 tapşırıqdan ibarət olacaq imtahanda 25 qapalı testlə yanaşı, şagirdlər bir yazı bacarığı tapşırığını da yerinə yetirməli olacaqlar.
Könül Hacıyeva qeyd edib ki, dinləyib-anlama bölməsində 4, oxu bacarığı üzrə isə iki hissədən ibarət 8 test tapşırığı təqdim ediləcək. Qrammatika biliklərini ölçmək üçün abituriyentlərə 13 sual veriləcək. Yazı bacarığı isə ayrıca bir tapşırıqla qiymətləndiriləcək ki, bu da imtahanın ümumi strukturunda əsaslı dönüş yaradacaq.
"Yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla, ümumilikdə, 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək”.(Apa)
Demokrat.az


