Maraqlı Özəl

1 milyon dollara cəmi 16 kvadratmetr — Ən bahalı şəhərlər

1 milyon dollara cəmi 16 kvadratmetr — Ən bahalı şəhərlər

Lüks daşınmaz əmlak bazarında qiymətlər əvvəlki kimi eyni imkanları təqdim etmir.

Demokrat.az xəbər verir ki, bu barədə "Knight Frank Wealth Report"un son araşdırmasında deyilir.

Hesabata əsasən, artıq 1 milyon dollarla əldə edilə bilən sahə xeyli məhdudlaşıb. Dünyanın ən bahalı daşınmaz əmlak bazarı yenə də Monako olaraq qalır. Bu şəhərdə qeyd olunan məbləğə cəmi 16 kvadratmetr mənzil almaq mümkündür. Halbuki bir neçə il əvvəl eyni pula bir qədər daha geniş – təxminən 17 kvadratmetr sahə əldə etmək olurdu.

Siyahıda ikinci pillədə qərarlaşan Honkonqda 1 milyon dollara düşən sahə 22,5 kvadratmetr təşkil edir. Digər iri şəhərlərlə müqayisədə isə Nyu-York daha münasib variant kimi görünür – burada bu büdcə ilə təxminən 33,9 kvadratmetr əmlak almaq mümkündür. London, Sinqapur və Cenevrə də bahalı bazarlar sırasında yer alsa da, sahə baxımından fərqli göstəricilər təqdim edir.

Araşdırma göstərir ki, ötən il izlənilən 100 əsas bazarda qiymətlər orta hesabla 3,2 faiz yüksəlib. Bəzi şəhərlərdə isə artım daha kəskin olub. Məsələn, Dubayda daşınmaz əmlak qiymətləri 2025-ci ilə qədər 25 faiz artıb, son beş ildə isə bu göstərici təxminən 200 faizə çatıb. Tokio bazarında 2025-ci ildə 58 faizlik rekord artım qeydə alınıb. Manila, Seul və Praqa da yüksək dinamika nümayiş etdirən şəhərlər sırasındadır.

Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə lüks əmlak bazarında əsas aktivlik Mumbay, Brisben, Mayami və Honkonq kimi şəhərlərdə müşahidə olunacaq.

Hesabatda qeyd edilir ki, yüksək gəlirli investorlar getdikcə daha çevik davranır, müxtəlif ölkələrdə əmlak alaraq yaşayış yerlərini daha tez-tez dəyişirlər. Bu isə qlobal daşınmaz əmlak bazarında rəqabəti artırmaqla yanaşı, qiymətlərin yüksəlməsinə də təsir göstərir.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova