Cəmiyyət Özəl

Xəzərdə qorxulu ssenari — AÇIQLAMA

Xəzərdə qorxulu ssenari — AÇIQLAMA

Xəzər dənizinin sahilləri hər keçən gün sularından bir az daha uzaqlaşır və bu çəkilmə təkcə mənzərəni deyil, suyun altındakı həyatı da kökündən dəyişir. Temperatur dəyişiklikləri və yağıntıların azalması dənizin səviyyəsini aşağı salaraq ekoloji balansı sınağa çəkir.

Məsələ ilə bağlı ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a bildirib ki, hazırda Xəzər dənizində ciddi təhlükə ilə üz-üzə qalan əsas canlı növlərdən biri Xəzər suitiləridir:

"Onların sayının kəskin azalması yalnız iqlim dəyişikliyi ilə bağlı deyil, bir neçə ekoloji faktorun birgə təsirinin nəticəsidir. Dənizin çirklənməsi bu prosesdə əsas rol oynayır. Sənaye və məişət tullantılarının, neft məhsullarının və müxtəlif kimyəvi maddələrin dənizə qarışması suyun keyfiyyətini pisləşdirir, bu isə həm birbaşa suitilərin sağlamlığına təsir edir, həm də onların qida zəncirini zəiflədir. Eyni zamanda bəzi balıq növlərinin azalması suitilər üçün qida qıtlığı yaradır və bu da onların çoxalma və yaşama imkanlarını məhdudlaşdırır".

Ekspert deyib ki, Xəzər dənizində su səviyyəsinin dövri olaraq enib qalxması da ekosistemin tarazlığını dəyişir və sahil zonalarında yaşayan canlıların yaşayış mühitinə təsir göstərir:

"Nərəkimilərə gəldikdə isə, onların azalmasının əsas səbəbi Xəzərin su səviyyəsinin dəyişməsi deyil. Bu növlərin məhv olmasında əsas faktor uzun illər davam edən qanunsuz və həddindən artıq ovlanma olub. İnsan fəaliyyəti nəticəsində onların təbii çoxalma prosesi pozulub və populyasiya kəskin şəkildə azalıb. Yəni burada əsas problem ekoloji balansın insan müdaxiləsi ilə pozulmasıdır.

Ümumilikdə isə Xəzər dənizində canlı aləmin zəifləməsinin əsas səbəbi kimi çirklənmə və antropogen təsirlər göstərilə bilər. Çirklənmə yalnız bir növü deyil, bütövlükdə ekosistemi zəiflədir. Qida zəncirinin pozulması, yaşayış mühitinin daralması və suyun keyfiyyətinin aşağı düşməsi nəticəsində bir çox canlı növü ya sayca azalır, ya da tamamilə yox olma təhlükəsi ilə üzləşir. Bu səbəbdən Xəzərin ekoloji vəziyyəti tək bir amillə deyil, kompleks şəkildə qiymətləndirilməlidir", - deyə o bildirib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova